İran prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfəri öncəsi son hazırlıq iclasında bəzi açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Pezeçkian İran və Azərbaycan xalqları arasında dərin tarixi, mədəni və dini bağların olduğunu vurğulayıb.
"İran və Azərbaycan eyni bədənin hissələridir. Sərhədin hər iki tərəfindəki xalqların minillik dostluğa əsaslanan güclü qarşılıqlı maraqları var", - Pezeşkian deyib.
İclasın əvvəlində Prezident Aparatının siyasi məsələlər üzrə köməkçisi Azərbaycanla mövcud əlaqələr və əməkdaşlıq istiqamətləri haqqında geniş məruzə ilə çıxış edib. Daha sonra nazirlər və rəsmilər mövcud əməkdaşlıq prosesini və öz sahələrində atılan addımları bölüşüblər.
İki ölkə arasında bəzi anlaşılmazlıqların və problemlərin həlli istiqamətində son vaxtlar görülən səylərin müsbət nəticə verdiyini qeyd edən Pezeşkian, "İran və Azərbaycan arasında əlaqələr çox geniş, dərin və rəngarəngdir. Əgər hazırkı normallaşma prosesi bu şəkildə davam edərsə, çox qısa müddətdə əməkdaşlığın daha da güclənməsinin şahidi olacağıq" deyib.
Pezeşkian bildirib ki, Bakı səfəri ilə dövlət və özəl sektor əməkdaşlığının, eləcə də iqtisadi, ticarət, mədəni, turizm və siyasi sahələrdə əlaqələrin daha da dərinləşəcəyini və sürətlənəcəyini gözləyirlər.
Məsud Pezeşkianın Azərbaycana səfərinin aprelin 27-də baş tutacağı gözlənilir./modern.az