“1923-ci ildən 1928-ci ilə qədər Dağıstanda rəsmi dil Azərbaycan Türkcəsi elan edilmiş idi”.
Turkustan.az xəbər verir ki l, bu barədə tarixçi alim Zaur Əliyev məlumat paylaşıb.
O qeyd edib ki, Abdulqadir Alqədərinin müəllif olduğu “Yeni türk əlifbası və ilk qiraət” adlı kitabı da orta məktəblərdə tədris edilib:
“Bu qərar qəbul edilən zaman Dağıstanda çox mübahisələr gedib. Moskvaya xidmət edənlər “rusca Leninin dilidir, inqilabın dilidir” deyərək Azərbaycan türkcəsinin qəbul edilməsinə qarşı çıxış ediblər.
Halbuki Azərbaycan türkcəsinin qəbul edilməsi elə Moskvanın tələbi idi. 1923-cü ildə Dağıstanda Moskvanın tövsiyəsi ilə güclü bir din əleyhinə hərəkat başladı. Bu hərəkatın ən vacib hissəsi ərəb dilinə qarşı kampaniya idi. Beləcə, 1923-cü ildə Dağıstanın yeganə rəsmi dili Azərbaycan Türkcəsi elan edildi.
Dağıstan rəhbərlərindən N.Samurskinin fikrincə, rus dili Dağıstan xalqlarının dili ola bilməzdi. Onun fikrincə, bu, dağ cəmiyyətində rus dilinə mənfi münasibətlə bağlı idi, çarizmin zülm və zorla ruslaşdırma siyasəti ilə bağlı idi və eyni zamanda Dağıstanda bu fikrə məhəl qoymayan müsəlman din xadimləri arasında qəzəbli narazılıq yarada bilərdi. Azərbaycan türkcəsi isə müsəlman kütlələrinin dili olaraq belə maneələrlə qarşılaşa bilməz. Dağlarda dünyəvi təhsilə nail olmaq üçün silah kimi istifadə edilən Azərbaycan türkcəsi ərəb sxolastikasının və fanatizminin hökmranlığını sarsıtmağa qadir olan yeganə dildir”.
“Lakin 1928-ci ildə mübarizədə Rus dili və əlifbası qalib gəlsə də, 1952-ci ilə qədər rutul və saxurlar yaşayan ərazilərdə tədris Azərbaycan Türkcəsində aparıldı.
Bu fakt bir daha sübut edir ki, Moskva Qafqazda eyni dildə danışan xalqları parçalayaraq hökm sürmək məqsədilə rus dilini zorla əsas dil edibdir”, – Z.Əliyev vurğulayıb. /globalinfo.az/
Əliyar Xəlil