Son günlər ölkənin bütün ərazisində, xüsusilə də Bakıda yağan yağışlar bir sıra fəsadlar törətdi, vətəndaşların mülklərinə o cümlədən kənd təsərrüfatına ciddi ziyan dəydi.
Yolların və körpülərin su altında qalması ilə yanaşı, yağış həm də əmlaklara zərər vurur ki, bu da bəzi sığorta hadisələrinə yol açır.
Qeyd olunur ki, 15 -16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi fonunda baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. 294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 min 30 manat həcmində müəyyən olunub. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi ehtimal edilir.
Məlumdur ki, əkin sahələrinə də güclü dolu və yağış yağması nəticəsində ciddi ziyan dəydi, eləcə də maldarlıqla məşğul olanlar da tələf olan heyvanların olduğunu bildirdi. Bəs ümumiyyətlə, sığorta bu kimi hallarda vətəndaşlara dəymiş ziyanı ödəyirmi? Turkustan.az olaraq bu sualımızı iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.
Kənd təsərrüfatı sektoru riskli sahələrdən hesab olunur. Təbii fəlakətlər qaçınılmazdır. Hər an sel, daşqın, yağış, donvurma kimi hallar yaşana bilər. Kənd təsərrüfatı sahəsi ilə məşğul olan fermerlərə, sahibkarlara məsləhət görərdim ki, məhsullarını sığortalasınlar. Hər an risklər ola bilər. 2020-ci ildən Kənd təsərrüfatı sığorta fondu fəaliyyət göstərir. Bununla belə regionlarda kənd təsərrüfatı idarəsi var, vətəndaşlar hər 2 quruma onlayn formada da müraciət edə bilər. Onlayn müraciət zamanı yerləşdiyi ərazini, torpağın ölçüsünü, əkdiyi məhsulu qeyd etməklə onlar öz məhsullarını qoruya bilərlər. Bununla belə maldarlıq da sığorta olunur. Dövlət də bunun üçün xüsusi diqqət ayırır. Risklərə qarşı dövlət tərəfindən vətəndaşa subsidiya verilir. Məhsulun ilk başlanğıc tarixindən son yığım tarixinə qədər məhsullar sığorta olunur. Onu da bildirim ki, hər hansısa bir fəlakət baş verdiyi halda aqrar ekspertlər dəvət olunur və əraziyə baxış keçirir və onun əsasında aktlaşma gedir, daha sonra isə dəymiş zərəri vətəndaş sığorta fondundan ala bilər.
Aytən Yaşar/ Turkustan.az