«Qobustan» dərgisinin yaz sayı işıq üzü gördü


Bu günlərdə «Qobustan» sənət toplusunun yaz sayı işıq üzü görüb. Sənətin çeşidli sahələrinə aid maraqlı müəlliflərin orijinal yazılarını təqdim edən bu sayın qapaq rəsminə Xalq rəssamı Səttar Bəhlulzadənin «Bahar əfsanəsi» tablosu yer alıb.

Hər zaman müxtəlif sənət sahələrinin sintezini araşdırmağa, göstərməyə çalışan dərgi bu dəfə də ənənəsinə sadiq qalıb; Akademik Teymur Kərimlinin «Şərq və Qərb rəssamlarının əsərlərində insan gözəlliyinin bədii təqdimi» məqaləsində iki fərqli mədəniyyətin təmsilçilərinin insana baxışı və təsviri sənətdə necə ifadə etməsi müqayisə olunur. Həmçinin klassik ədəbiyyatımızda sözlə çəkilən təsvirlərin Şərq miniatürçü rəssamların əsərlərində necə göstərilməsi əyani izah edilir. Dünyanın zamandan asılı olan dərkinin sənətə təsiri qeyd etdiyimiz məqalənin əsas ideyasını təşkil edir.

Professor Vilayət Quliyev «Şuşadan Miçiqana uzanan yol – Qəmər Ağa-oğlu» məqaləsində isə Amerika elm-sənət camiəsində böyük uğurlara imza atmış Qəmər Ağa-oğlunun tale, yaradıcılıq yoluna nəzər salır. Ötən əsrin 70-ci illərində senzuranın gözündən necəsə yayınan «Qobustan» Qəmər xanımın həyat yoldaşı, Amerika azərbaycanlısı, incəsənət professoru Məhəmməd Ağa-oğlu haqqında Mövsüm Əliyevin kiçik məlumatını çap edibmiş. Həmin yazı prof.V.Quliyevin məqaləsinə giriş kimi dərginin bu sayında yer alıb.

Filologiya elmləri doktoru Pərvanə Məmmədli bu sayda Xalq yazıçısı Mirzə İbrahimovun Cənubi Azərbaycanla bağlı böyük işlərindən, prof. Rahid Ulusel elmlə incəsənətin vəhdətindən söz açır. Bu il yubileyləri olan Xalq yazıçısı Maqsud İbrahimbəyov (Narıngül Nadir) və unudulmaz aktrisamız, Əməkdar artist Ətayə Əliyeva (Esmira Nəzərli) haqqında orijinal məqalələr də dərginin bu sayında oxuculara təqdim edilib.

Təsviri sənətin təbliğatına xüsusi yanaşan «Qobustan» Xalq rəssamı Səttar Bəhlulzadə haqqında Mahcamal Şərifin xatirələrinə, gənc və istedadlı rəssam Samirə Abdullayevanın «Zamanın salnaməsi» sərgisi ilə bağlı Züleyxa Baxışovanın məqaləsinə yer verib. Həmçinin Azərbaycan rəssamlarının əsərlərini geyimlərə həkk edən «Amorini consept» brendinin müəllifi, modelyer Günay Əliyeva haqqında təqdimat da müasir oxucu zövqünü oxşamağa, sənətin dinamik zamanla ayaqlaşaraq təbliği üçündür.

Fatimə Fərəhin «Rənglərin aşiqi» məqaləsi xalçaçı rəssam Kamil Əliyevə, musiqişünas Leyla Nəzərlinin «Hər zaman yeni Vaqif» yazısı böyük və unudulmaz Vaqif Mustafazadəyə həsr edilib. Həmçinin gənc sənətşünas Özləm Əliyevanın animasiyalar barədə araşdırma yazısı da cizgi filmi tariximizə işıq tutur.

Hər zaman yeni imzalara yer verən «Qobustan»ın bu dəfəki debütçüsü 87 saylı orta məktəbin şagirdi Gülnarə Məmmədlidir. Onun müsabiqələrdə yer tutan «Möcüzə» hekayəsinin ədəbiyyat həvəslisi olan balaca müəllifin möcüzəyə inamının ifadəsidir.

Dərginin bu sayı da ənənəvi olaraq baş redaktor Pərvinin məqaləsi ilə qapanır. Müəllifin Avropa səfərindən növbəti məqaləsi Amsterdam şəhərinə və impressionist rəssam Van Qoqun muzeyini ziyarətinə aid təəssüratlarını əks etdirir...

Qeyd edək ki, dərgidə yer alan məqalələr rəngli rəsm əsərləri, illüstarasiya və fotolarla təqdim edilir. Həmçinin mətnlərə aid video materialların, musiqi əsərlərinin qr kodlarda səhifələrdə yer alması xüsusi özəllikdir.


MANŞET XƏBƏRLƏRİ