“Utilizasiya ilə bağlı vəziyyət ürəkaçan deyil. Fikir vermisinizsə, təkcə 2025-ci ilə qədər olan dövrdə 100-120 nəqliyyat vasitəsi utilizasiyaya gedib. Bunun da yolu odur ki, qiymətlər optimallaşdırılsın”.
Bu sözləri "Yeni Sabah"a "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli deyib.
O bildirib ki, vətəndaşlar yeni maşın almaq üçün utilizasiyada verilən ödənişin üzərinə qat-qat çox pul qoymalıdır:
“Ümumiyyətlə, vtomobil texniki baxışdan keçərkən, ona konkret olaraq, istismara yararsızlığı ilə bağlı rəy yazılmalıdır. Yollarda elə nəqliyyat vasitələri görürük ki, onlar nəinki utilizasiyaya getməlidir, bəlkə dəmirləri istehsala belə yaramır. Amma həmin maşınlar hələ də istifadə edilir. İstifadə edilirsə, deməli, texniki baxışdan keçib. Texniki baxışdan keçibsə necə keçib?
Əhalinin maddi vəziyyəti kifayət qədər aşağıdır. Elə insanlar var ki, maşınla yük daşıyır, müxtəlif xidmətləri yerinə yetirirlər. Baxırsan maşına, normal şəraitdə utilizasiyaya getməlidir. Amma ikinci məsələ var ki, icbari olaraq vətəndaşın əlindən alıb utilizasiyaya göndərdin, bəs bəlli ehtiyaclarını kim ödəsin?!
Həmin adam yeni avtomobil almaq üçün utilizasiyada ona təklif olunan məbləğdən qat-qat çox pul ödəməlidir. Çoxlarında maddi güc yoxdur. Nə etməlidir? Qəribə təzad əmələ gəlib. Əgər insanların maddi rifahı çox yaxşı olsaydı, maşınlarını təhvil verərdilər”.
İlqar Hüseynlinin fikrincə, könüllü utilizasiyanın artması üçün yeganə yol qiymətlərin optimallaşdırılmasıdır:
“Dünyanın maşın qəbristanlığına fikir vermisiniz? O qədər avtomobillər var ki! Onları Azərbaycanda onun 30-40 min manata satmaq olar. Çünki amerikalı, alman arxayındır: elə məbləğ veriləcək ki, yeni maşın ala biləcək.
Elə etmək lazımdır ki, vətəndaşın hüquqları pozulmasın. Maddi təzminat o qədər normal olsun ki, yeni maşın ala bilsin.
İndi yeni bir şey çıxıb: utilizasiyaya göndərilən maşının bütün mühərrik sistemini, təkərlərini, ötürücülərini və sürət qutusunu sökür və yalnız maketini verirlər. Daha sonra açıb-sökdükləri detalları satışa çıxarıb pul qazanırlar. Utilizasiya ilə bağlı vəziyyət ürəkaçan deyil. Fikir vermisinizsə, təkcə 2025-ci ilə qədər olan dövrdə 100-120 nəqliyyat vasitəsi utilizasiyaya gedib”.