Orta dəhliz savaşında Kipr tələsi: Bakı və Ankaraya qarşı oyunda nələr var?


Avropa İttifaqı-Mərkəzi Asiya ölkələrinin Səmərqənd sammiti və yunan Kiprinin suverenliyinin dəstəkləndiyi yekun bəyannamə türk dünyasının qarşıdurması kimi görünsə də, əslində baş verənləri Orta dəhlizdə davam edən mübarizənin tərkib hissəsi adlandırmaq daha doğru olardı. Üzərində fokuslanan Kipr məsələsi isə bu mübarizədə Aİ tərəfindən tələ kimi istifadə olunur.

Sammitin yekun bəyannaməsində “BMT Təhlükəsizlik Şurasının 541 (1983) və 550 (1984) saylı qətnaməsinə öhdəlik təsdiqlənir”. 40 il öncə qəbul edilmiş bu qətnamələr yunan Kiprinin suverenliyini qoruyur, adada türk dövlətini qəbul etmir. Türk dövlətlərinin (Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan) yunan Kiprində səfirlik açması və bu qətnaməni dəstəkləməsi iki mənfi perspektiv yaradır:

- Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyini Türk Dövlətləri Təşkilatında tanıtmaq istiqamətindəki səylərinə ziyan vurur;
- TDT-də birliyin perspektivləri zərər görür, türk dünyasındakı dərin inteqrasiya planları zəifləyir;


Dörd türk dövlətinin yunan Kiprinə dəstək verərək, Aİ ilə münsibətləri gücləndirmək və ŞKTC-ni dəstəkləmək qarşılığında balans yaratmaq niyyəti istisna edilməməlidir. Hərçənd, Aİ-nin planları fonunda Kipr məsələsi Türkiyəyə, ümumilikdə TDT-yə qarşı tələyə çevrilir. Brüsselin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda Kipr amilindən istifadə etməsi – bunun dəstək qarşılığında şərt olduğu bəlidir - Orta dəhlizdə möhkəmlənmək məqsədilə məhz TDT-də fikir ayrılığını yaratmağa – Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birliyi parçalamağa hesablanıb.

Bu planda faktiki iştirakçıya çevrilən Mərkəzi Asiya ölkələri üçün Brüssellə əlaqələr Avropa bazarına çıxış əldə etməklə yanaşı, xarici investisiyaları (12 milyard avroluq investisiya paketi qəbul olunub) cəlb etmək, həm də Rusiya və Çinlə münasibətlərdə alternativ güc mərkəzi tapmaq baxımından önəmlidir. Avropa İttifaqı üçün Mərkəzi Asiyanın önəmi isə daha böyükdür, xüsusilə Tramp Amerikasının mövcud siyasəti fonunda.

İqtisadi əhəmiyyət:

- Ukrayna müharibəsinin başlanmasından sonra itirdikləri Rusiya bazarını Mərkəzi Asiya bazarı hesabına kompensasiya etməyə çalışırlar;
- Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha geniş şaxələndirməyə nail ola bilərlər;
- Mərkəzi Asiyanın nadir torpaq metalları Aİ üçün xammal ola bilər;
- Çinlə ticarət əlaqələrində Mərkəzi Asiya səmərəli marşrut rolunun oynayır;

Siyasi əhəmiyyət: Ukrayna müharibəsi və ABŞ-Rusiya anlaşması fonunda geosiyasi güc mərkəzi olmaq planına risklər yaranan Aİ üçün Mərkəzi Asiya regionu həm Çinlə əməkdaşlıq marşrutunun nəzarətindən çıxmaması, həm Moskvaya qarşı mübarizə, həm də Vaşinqton qarşısında mövqelərini itirməmək baxımından əhəmiyyətlidir. Brüssel Orta dəhlizin Mərkəzi Asiya habında güclənməklə geosiyasi mövqelərini saxlamağa çalışır. Və bununla,

- Orta dəhlizdə ABŞ-Çin rəqabətinin həlledici amilinə çevrilməyə,
- Türkiyənin TDT üzərindən bu dəhlizi nəzarətə götürməyinə
- və Türkiyə üzərindən Aİ-nin rəqiblərinin (ABŞ və Britaniya: hər iki ölkənin fərqli yanaşması olsa da, Aİ-yə qarşı ortaq mövqeyə malikdirlər) dəhlizdə güclənməsinə mane olmağa çalışırlar. Əks halda, Brüsselin Pekinlə birbaşa əlaqə xətti digər oyunçuların təsirinə düşəcək və Aİ-nin geosiyasi proseslərdə rolu rəqiblərinin icazə verdiyi qədər olacaq.

Orta dəhlizin əsas hab mərkəzlərindən olan Azərbaycan və Türkiyənin Aİ ilə toqquşması təkcə Mərkəzi Asiyaya nəzarət uğrunda deyil, Cənubi Qafqazda kommunikasiyanın açılması üzərində də yaranır: Bakı-Ankara Çin-Avropa marşrutuna Zəngəzur dəhlizini daxil etmək istəyir. Aİ Ermənistanı tranzitə çevirməyin tərəfdarıdır, Ursula fon der Leyenin Səmərqənddə “Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması oyunu dəyişdirəcək” sözləri də bundan qaynaqlanırdı. Aİ "Kipr tələsi" ilə Türkiyə-Mərkəzi Asiya xəttində çatlar yaradaraq, təkcə Orta dəhlizdə mövqeyi gücləndirmir, həm də Ankaranı öz planına razı salmağı planlaşdırır.

Bunun mümkün olacağı – Mərkəzi Asiyanın Avropa bazarına çıxışı, Aİ-nin Orta dəhlizdə planlaşdırdığı qədər güclənməsi perspektivləri asan deyil. Çünki Aİ-Mərkəzi Asiya marşrutunda əsas keçid olan Bakı və Ankaranın razı olmadığı planın reallaşması sual altındadır.

Hərçənd, Mərkəzi Asiyada müəyyən nəticə əldə edən Aİ-nin yeni həmlələri gözləniləndir:

1. TDT-də ziddiyyətləri dərinləşdirməyə və Ankaranı Brüssellə hesablaşmağa məcbur etməyə çalışacaq;
2. Ermənistana Bakı və Ankara qarşısında müqavimətini artırmaq məqsədilə dəstək davam etdiriləcək;
3. Azərbaycan-Ermənistan sülh sazişinin mövcud şərtlərdə - 17 maddəlik mətn üzərində imzalanması üçün Bakıya müxtəlif yollarla təzyiqi gücləndirəcək;
4. Mərkəzi Asiya ölkələrini Avropa bazarına çıxışının alternativ yollarını aktuallaşdıra bilər, xüsusilə İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu;

Bakı və Ankaranın əks-həmlələri tükənməyib:

- Türk coğrafiyasında parçalanmanın dərinləşməsinə imkan verməmək: hazırda Kipr məsələsinə görə tənqid olunan dörd türk dövləti ilə təmasların sıxlaşdırılacağı istisna deyil, TDT-nin Bakıda keçiriləcək rəsmi sammiti problemlərin aradan qaldırılması platforması ola bilər;
- Cənubi Qafqazda “açıq qapı” buraxmamaq: Bakı-Tbilisi-Ankara xəttini möhkəmləndirmək və Ermənistanın müqavimətini qırmaq;

Baş verənlər Orta dəhlizdə mübarizənin daha açıq və kəskin mərhələdə davam edəcəyi gözləntisini ön plana çıxarır.

Asif Nərimanlı
publika.az


MANŞET XƏBƏRLƏRİ