Azərbaycan Xalq Cümhuriyyəti indiki Ermənistan respublikasının 60 faizdən çoxunu əhatə edirdi.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ötən həftə Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə KİV-lərinə müsahibəsində deyib.
“Azərbaycan Konstitusiyasında deyilir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. AXC mövcud Ermənistanın 60 faizindən çoxu üzərində suverenlik iddiasında idi (əhatə edirdi – red.). Bu problemdir? Əgər konstitusiya mətnləri ilə getsək, bəli, bu problemdir. Amma sülh sazişi bu məsələlərin həllini təklif edir. İki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu tərtibat hər iki tərəf üçün məqbul olduğundan, biz artıq mətni razılaşdırmışıq. Bu sənəd imzalandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsindən müsbət rəy alınmalıdır”, – nazir bildirib.
Xatırladaq ki, AXC 114 min kvadrat kilometr ərazini əhatə edirdi və beynəlxalq qurumlar tərəfindən müstəqilliyi bu çərçivədə tanınmışdı. Cümhuriyyət Azərbaycan ərazilərində qurulmuşdu. Yəni AXC o vaxt 9 min kvadrat kilometrlik tarixi Azərbaycan ərazilərində qurulan Ermənistana ərazi iddiasında deyildi. Əksinə, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 20 min kvadrat kilometrdən çox Azərbaycan ərazisi qanunsuz olaraq Ermənistana verilmişdi.