2025-ci ildə Kəlbəcərə köç OLACAQ


Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi də sürətlə davam edir. Bu il keçmiş məcburi köçkünlərin yeni ərazilərə köçürülməsi planlaşdırılır.

2025-ci ildə Kəlbəcər rayonuna da köç olacağı gözlənilir. Bu barədə ötən il rəsmi şəxslər məlumat verib. Artıq rayonda köçə hazırlıq getdiyi bildirilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Kəlbəcərdən olan sabiq deputatı, Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov bildirib ki, bu ilin may ayının sonu - iyun ayının əvvəllərində Kəlbəcər şəhərinə ilk köç gözlənilir:

“Bu il nəzərdə tutulan köç karvanının təxminən may ayının sonu - iyun ayının əvvəllərində yola düşməsini gözləyirik. Bizdə olan məlumata görə, artıq Kəlbəcər şəhərində 300-dən çox ailənin köçürülməsi üçün şərait yaradılıb”.

Sabiq deputatın sözlərinə görə, tikinti-quruculuq işləri də uğurla davam etdirilir.

“Bu işlər başa çatandan sonra digər işğaldan azad olunmuş bölgələrimizdəki kimi Kəlbəcərə də mütəmadi olaraq mərhələli şəkildə köç dalğası davamlı xarakter alacaq. Uğurlu-xeyirli olsun. Hələlik bizdə olan məlumatlar bunlardır”, - Aqil Məmmədov bildirib.

Xatırladaq ki, ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Qarabağ və Şərqi Zəngəzura köçürülüb. Hazırda sözügedən ərazilərdə 30 min nəfərdən çox şəxs yaşayır.


MANŞET XƏBƏRLƏRİ