Antalya Diplomatik Forumu niyə bu qədər əhəmiyyətlidir?


Bu gün dünyada güc mərkəzlərinin sərt geostrateji mübarizəsi fonunda diplomatiya böhranı müşahidə edilməkdədir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi böhran aradan qalxmadan ədalətli yeni dünya düzəni formalaşdırmaq mümkün deyil. Ona görə də konstruktiv xarakterli yeni təşəbbüslərə ehtiyac yaranır. Bu təşəbbüslərə müsbət imicə, bəlli, aydın niyyətə və yüksək etimada malik qüvvələr tərəfindən, etibarlı dialoq platformasının yaradılması ilə nail olmaq mümkündür.

Bu mənada, Türkiyə Cümhuriyyətində 2025-ci il 11-13 aprel tarixlərində keçirilən Antalya Diplomatik Forumu böyük əhəmiyyətə malikdir. Artıq ənənə halını alan və bu il dördüncüsü düzənlənən forum beynəlxalq müstəvidə ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq və diplomatiya platformasında həll edilməsi baxımından olduqca əhəmiyyətli və faydalıdır.

Antalya Diplomatik Forumu regional və qlobal problemlər fonunda bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunda keçirildi. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan forumun açılış mərasimində çıxışı zamanı müasir beynəlxalq münasibətlər sisteminin aktual məsələlərinə toxunaraq, bəşəriyyəti narahat edən problemlərin həllində diplomatiyanın xüsusi rolunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, XXI əsr böhranlar çağına çevrilməkdədir. Belə bir vəziyyətdə beynəlxalq müstəvidə krizisləri aradan qaldırmaq üçün ən səmərəli vasitə məhz diplomatiyadır.

Təbii ki, bu regional miqyaslı, qlobal məzmunlu mötəbər tədbirdə dövlət və hökumət başçılarının, nazirlərin, regional və beynəlxalq təşkilatların təmsilçilərinin, nüfuzlu siyasətçilərin, ekspertlərin, elm və iş adamlarının, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı bəşəriyyət üçün aktual problemlərin fikir və təcrübə mübadiləsi əsasında, dialoq müstəvisində çözülməsi üçün olduqca əhəmiyyətlidir. Bu, mövqeyi üst-üstə düşməyən, gərginlik yaşayan ölkələr üçün də dialoq imkanları yaradan önəmli təşəbbüsdür. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Antalya Diplomatik Forumu öz növbəsində, Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı, Doha Forumu kimi əhəmiyyətli platformalarla eyni sırada dayanan, hətta bir çox cəhətlərinə görə onlardan üstün olan vacib diplomatiya arenasıdır.

Dünyanın 140-dan çox ölkəsindən 4000-dən çox nümayəndənin qatıldığı foruma beynəlxalq müstəvidə olduqca yüksək diqqət və maraq var idi. Forum çərçivəsində keçirilən 50-dən artıq panel iclasında regional və beynəlxalq təhlükəsizlik problemləri, o cümlədən dünyanın müxtəlif bölgələrində münaqişələr və müharibələr, terrorizm, miqrasiya, iqlim dəyişiklikləri, epidemiyalar, qida ve enerji təhlükəsizliyi, humanitar yardım, rəqəmsallaşma, süni intellektin tətbiqinin riskli nəticələri kimi qlobal gündəmin önəmli mövzuları ətrafında geniş fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda ən yüksək səviyyədə iştirakı Türkiyə ilə Azərbaycan arasında sarsılmaz qardaşlıq əlaqələrinin və strateji tərəfdaşlığın təzahürüdür. Bu, iki ölkə arasında münasibətlərin dərinliyini nümayiş etdirməklə yanaşı, ortaq diplomatik yanaşmanın beynəlxalq platformalarda güclü şəkildə təmsil olunduğunu göstərir. Azərbaycanın regionumuzun gələcəyini formalaşdırmaq potensialına malik belə tədbirlərdə iştirak etməsi "bir millət, iki dövlət" prinsipinin praktikada nə qədər güclü olduğunu bir daha sübut edir. Strateji tərəfdaşlığın təməlində dayanan "bir millət, iki dövlət" anlayışı təkcə ikitərəfli əlaqələri deyil, həm də Türk Dövlətləri Təşkilatında Mərkəzi Asiyadan Qafqaza, Anadoludan Balkan dövlətlərinə qədər uzanan geniş geosiyasi məkanda ortaq dəyərlər, strateji hədəflər və inkişafa dair baxışları ilə bir araya gələn türk dünyası ölkələrinin həmrəyliyini gücləndirir.

Bu baxımdan türk dünyasının diplomatik və strateji addımları, təkcə regional rifahı deyil, həm də qlobal səviyyədə təhlükəsizliyə və inkişafa dair axtarışları istiqamətləndirir. Antalya Diplomatik Forumunda nüvə təhlükəsizliyi kimi bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən məsələlər müzakirə edilərkən, Türkiyə və Azərbaycan kimi ölkələrin nümayiş etdirdiyi sülhsevər və uzaqgörən yanaşma diplomatiyaya istiqamət verəcək yeni paradiqmaya işarə edir. Bu paradiqma çoxtərəfliliyə, tərəfdaşlığa və sülhyönümlü inkişafa əsaslanır. Nəticədə türk dünyasının həmrəylik strategiyası dəyişən dünyada sabitliyi təmin edən, körpülər quran və diplomatiyaya qucaq açan bir model kimi önə çıxır. Bu modelin təmsilçiləri kimi Türkiyə və Azərbaycan təkcə öz xalqları üçün deyil, həm də regional və dünyada sülh üçün ümid yeri mövqeyində dayanır.

Cənubi Qafqazda sülh Mərkəzi Asiya ölkələri ilə Avropanın əlaqələndirilməsi, Mərkəzi Asiya ilə Yaxın Şərqin əlaqələndirilməsi, Yaxın Şərqdə sülh məsələləri, Suriyada sülh quruculuğu və s. bu kimi məsələlər, həm Azərbaycanın, həm Türkiyənin maraqları daxilində prioritet məsələlər sayılır. Eyni zamanda bütün bu məsələlərlə bağlı Azərbaycanın və Türkiyənin mövqeyi demək olar ki, üst-üstə düşür. Belə şəraitdə "Antalya Forumu" eyni zamanda Azərbaycan və Türkiyə müttəfiqliyinin strateji bir proses olduğunun nümayişi baxımdan da olduqca əhəmiyyətlidir.

Azərbaycan və Türkiyə liderlərinin birgə təşəbbüslərinin həyata keçirildiyi bu əməkdaşlıq platformaları bütün tərəflər üçün siyasi və iqtisadi mənfəət vəd edir. Bütün bunlar öz növbəsində Avrasiyada hərbi-siyasi qarşıdurmanın öz yerini konstruktiv münasibətlərə verməsi, böhranlar dövründə diplomatiyanın önə çıxarılması baxımından son dərəcə önəmlidir.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müstəqil, uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan beynəlxalq diplomatiyada yüksək qlobal nüfuza malikdir. Etibarlı tərəfdaş kimi böyük inam və etimad qazanan ölkəmiz bu gün bir-biri ilə əks mövqelərdə - zidd geosiyasi qütblərdə dayanan tərəflərlə hər hansı bir gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir. Azərbaycan dialoq və işbirliyi məkanı olduğunu artıq təsdiqləməsi nəticəsində bu vaxta qədər güc mərkəzlərinin nümayəndələrinin bir çox görüşləri məhz Bakıda baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr Azərbaycanın paytaxtında aparılıb. Bu gün dialoq və əməkdaşlıq məkanı olan Bakının Cənubi Qafqazın diplomatiya paytaxtı kimi xarakterizə edilməsi dərin strateji diplomatiyanın nəticəsidir.

Azərbaycan daim beynəlxalq hüquqa hörmət olunmasının tərəfdarıdır. Uzun müddət Ermənistanın işğalçı və terrorçu siyasətindən əziyyət çəkən Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət edilməsini vacib prinsip kimi əsas götürüb və bu gün də belədir. Sadaladığımız məqamlar diplomatiyanın önə çıxarılmasında açar rolunu oynayan geosiyasi koordinatlardan birinin məhz Azərbaycan olduğunu təsdiqləyir.

Nəticə etibarilə, dünya yeni nizam axtarışında və diplomatiyanın önə çıxarılması çağırışı qarşısındadır. Dost, qardaş və strateji müttəfiq olan Azərbaycan ilə Türkiyə isə bəşəriyyət üçün bu taleyüklü məsələdə öz tarixi-siyasi məsuliyyətini dərk edərək vacib təşəbbüslərlə çıxış edir, ortaq geosiyasi iradə nümayiş etdirirlər.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

15 aprel 2025


MANŞET XƏBƏRLƏRİ