İran prezidenti Məsud Pezeşkianın Azərbaycana bu ay gözlənilən gəlişi gecikmiş səfərdir. Əslində o, prezident seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməli idi. Hətta onun COP29 tədbirləri keçirildiyi zaman ölkəmizə gələcəyi gözlənilirdi. Bunun əksinə İran prezidenti ilk səfərlərini İrana və Tacikistana etdi”.
Bu fikirləri Musavat.com-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib. Ekspert vurğulayıb ki, M. Pezeşkianın aprel ayında gözlənilən səfəri Azərbaycan-İran münasibətlərində mövcud problemlərin, regional məsələlərin həlli ilə bağlı müzakirələrə dair yeni addım ola bilər:
“Hadisələr göstərir ki, İran prezidenti özündən əvvəlki prezidentlərin iqtisadi-siyasi sahədə apardığı fəaliyyətlərdən fərqli bir addım atmır. İbrahim Rəisinin prezidentliyi dövründə İran hökuməti qonşu və müsəlman ölkələrlə iqtisadi əlaqələrin inkişaf etdirilməsi xəttini tutmuşdu. Məsud Pezeşkian da bu istiqamətdə addım atacağını bildirirdi. Və bu istiqamətdə müəyyən addımlar atılmaqdadır.
Sədrəddin Soltan
İranın Qəzza zolağında, Livanda, Suriyada uğursuzluqları xarici siyasətdə müəyyən dəyişikliklər etməyə vadar etdi. Düşünürəm ki, Pezeşkianın Azərbaycana səfəri zamanı İranın yeni xarici-siyasi kursunun yeni çalarlarını görmək olacaq. Bu, İranı Azərbaycanı ənənəvi olaraq İsrail və Amerika ilə əməkdaşlığına görə ittiham etmək, kəskin fikirlər söyləmək ənənəsindən çəkindirəcək. Çünki Tehran hakimiyyəti ABŞ və İsraillə gələcəkdə xoşməramlı addımlar ata bilər. Regionda yaranmış vəziyyət Tehranı buna vadar edir.
Səfər zamanı ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi müzakirə oluna bilər. Azərbaycan-Ermənistan arasındakı sülh sazişinin imzalanması məsələsi də gündəm müzakirə mövzusudur. İran Zəngəzur yolu ilə bağlı mövqeyini açıqlayacaq. Vahid elektrik şəbəkəsinin yaradılması, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Astara hissəsi, Orta dəhlizə İranın münasibəti söhbət mövzusu ola bilər. Eləcə də Azərbaycanın İrana indiki məqamda edəcəyi yardımlardan bəhs edilə bilər.
Prezident İlham Əliyev ADA universitetində baş tutan beynəlxalq forumda Azərbaycanın İrana münasibəti ilə bağlı bəzi məqamları açıqladı. Bunlardan biri İranda keçirilən seçkinin Azərbaycanı məmnun etməsi idi. Eləcə də iki ölkə arasında münasibətlərin normallaşmasının Azərbaycana terror hücumu edən şəxsin cəzalanmasından asılı olduğunu bildirdi. Hökm çıxarılmasına baxmayaraq, indiyə qədər icra olunmayıb. İran hakimiyyəti iddia edir ki, guya, həmin şəxs xəstədir. Terror aktı ilə bağlı çoxsaylı suallar var”.
S. Soltan deyir ki, ölkələr arasında münasibətlər indikindən daha yüksək səviyyədə ola bilərdi: “Tehranın Azərbaycana qarşı uzun illər apardığı siyasət iqtisadi əlaqələrin inkişafına mane olur. 2020-ci ilə qədər Tehran hakimiyyəti Azərbaycan torpaqlarının erməni işğalında qalmasına daim çalışmış və bu məsələdə Ermənistandan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etmişdi. İndi isə təzyiq aləti zəifləyib. Hazırda isə təzyiq vasitəsi kimi Ermənistanın silahlandırılması, Zəngəzur yolu ilə bağlı süni maneələri yaratmaq cəhdləridir. Bu tip məsələlər ölkələrin iqtisadi əlaqələrinin inkişafına əngəl yaradır”.