3 aprel tarixində keçirilmiş Aİ–Mərkəzi Asiya Zirvəsində əldə olunan razılaşmaların detallarının (və bir çoxlarının hesab etdiyi kimi, mümkün fəsadlarının) təsiri indi-indi hiss olunur. Bildiyimiz kimi, Səmərqənddə keçirilən Avropa İttifaqı–Mərkəzi Asiya Sammitinin sonunda ortaq bəyannamə qəbul edilib.
Bu bəyannaməyə əsasən:
Görüş iştirakçıları BMT üzvü olan dövlətlərlə sülh, təhlükəsizlik, beynəlxalq hüquq, tanınmış sərhədlərə hörmət və demokratiya prinsipləri çərçivəsində əməkdaşlığa sadiq olduqlarını bildiriblər. ATƏT üzvü olan dövlətlərin beynəlxalq münasibətlərdə zor tətbiqindən çəkinməsi, humanitar hüquqa sadiqlik və mövcud münaqişələrin sülh yolu ilə həllinə önəm verilməsi də vurğulanıb. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün bütün regional və beynəlxalq platformalarda müdafiə olunacağı bəyan edilib.
Bəyannamədə bu iki bənd daha çox rezonans doğurub. Xüsusilə bu bəyanatın türk dövlətlərinin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınmaması ilə bağlı “güclü dəstək” verdiyi kimi şərh olunması ciddi müzakirələrə yol açıb.
Əslində, belədirmi?
Bəli, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan bu sənədə imza atıblar. Ardınca, Qazaxıstan və Türkmənistan Cənubi Kiprdə səfirlik açmaq qərarı veriblər. Hadisələrin bu gedişatı, haqlı olaraq, yuxarıda qeyd olunan narahatlıqları gündəmə gətirir. Amma məsələni bu qədər səthi qiymətləndirmək düzgün olmazdı. Çünki burada fərqli məqamlar və geosiyasi mənzərə ortaya çıxır.
Sammitdən sonra Avropa Şurasının sədri Antonio Costa və Aİ Komissiyasının rəhbəri Ursula fon der Leyen iki gün ərzində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşlər keçirdilər. Bu görüşlərin əsas gündəmi enerji, turizm, ticarət və nəqliyyat sahələrində tərəfdaşlıq oldu. Leyen tərəfdaşlıq üçün 12 milyard avroluq investisiya paketini açıqladı. Lakin bu investisiyanın məqsədi ŞKTC-nin tanınmaması ilə bağlı mövqe sərgiləmək deyil, Aİ-nin Rusiyadan enerji asılılığını azaltmaqla bağlı strateji planlarıdır.
Son illər Aİ-nin Azərbaycanla təmasları da artmaqdadır. Aİ Rusiyadan qaz asılılığını aradan qaldırmaq üçün alternativ marşrutlar axtarır. Azərbaycan isə bu ehtiyacı təkbaşına qarşılayacaq qədər resursa malik deyil. Bu səbəbdən Bakı Mərkəzi Asiya qazının TANAP və TAP layihələri vasitəsilə Avropaya çatdırılması üçün Transxəzər Nəqliyyat Dəhlizinin açılmasını təklif edir.
Vacib detal budur:
Zirvə çərçivəsində liderlər, Transxəzər Nəqliyyat Dəhlizinə daha çox investisiya cəlb etmək, habelə Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) yerli ofisinin yaradılması barədə razılığa gəliblər. Bu layihə gerçəkləşərsə, Qazaxıstan, Türkmənistan və Özbəkistan qazı əvvəlcə Azərbaycana, sonra isə Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxarılacaq.
Bu, yaxın zamanda baş verəcək proses deyil və icrası çətin olacaq. Amma mümkünsüz də deyil.
Bəs Azərbaycan və Türkiyə niyə susur?
Müşahidə olunan səssizliyə baxmayaraq, ortada iki mühüm görüş var:
Antalya Diplomatik Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü; İlham Əliyevin ŞKTC Prezidenti Ərsin Tatarla müzakirəsi.
Bu görüşlərdə Mərkəzi Asiya ölkələrinin hazırkı və gələcək addımları ətraflı şəkildə müzakirə edilmiş və ortaq yol xəritəsi müəyyənləşdirilmiş ola bilər.
Etiraf edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) daha da güclənməlidir. Geopolitik təsir gücünü artırmaq üçün isə təkcə mədəni yaxınlıq və tarix kifayət etmir. İqtisadi və enerji inteqrasiyası da vacibdir.
Məhz bu nöqtədə Ankara və Bakı koordinasiyalı şəkildə hərəkət edir; Azərbaycan bu meqalayihənin Mərkəzi Asiya qolunu idarə edir; Türkiyə isə Yaxın Şərq istiqamətində (İraq və Suriya daxil olmaqla) aktiv addımlar atır.
Nəticə:
Fikrimcə, bu hadisələr xəyanət yox, daha böyük geosiyasi planın bir hissəsi ola bilər.
Turan Rzayev
Globalinfo.az