Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Turkustan.az xəbər verir ki, Martin Ryan hakim qarşısına tək çıxarılmayıb.
O, müttəhim kürsüsünü dövlətə xəyanətdə ittiham olunan Azad Məmmədli ilə bölüşür.
Hər iki şəxs barəsində cinayət işi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunub.
Məhkəmə prosesində yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.
Ötən prosesdə Martin Ryan dövlət ittihamçısının suallarını cavablandırıb. Son proses isə Ryanın vəkillərin suallarını cavablandırması ilə davam etdirilib.
Müttəhimin sözlərinə görə, o, Fransa səfirliyinin əməkdaşları ilə görüşməklə səfirliklə əlaqə yaratmaq məqsədinə nail olub:
"Bu, iş adamı kimi mənim üçün vacib idi. Amma Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyim barədə Frederik Devosla söhbət edəndən sonra bildim. Onun suallarından məndə belə bir təsəvvür yarandı ki, potensial agentdir. Bunu onun verdiyi suallardan da başa düşdüm.
Sonradan Frederik Devos getdi və onu əvəz edən şəxs də eyni hərəkətləri edirdi. Onun hərəkətlərindən başa düşülürdü ki, özünü sadə diplomat kimi aparmır. Onunla da çox görüşümüz oldu. Mən həmin şəxslərlə görüşməkdən maddi mənfəət güdməmişəm. Onlarla dostluq etmişəm. Pul qoparmaq və ya vəzifə almaq məqsədim olmayıb. Əsas məqsədim bir iş adamı kimi təhlükəsizliyimin təmin olunması üçün onlarla əlaqə saxlamaq olub".
Martin Ryan bildirib ki, 44 günlük Azərbaycan-Ermənistan müharibəsi dövründə daha sıx görüşləri olub:
"Mən Frederik Devosdan görüşlərimizin bir problem olub-olmayacağı barədə soruşdum. Devos dedi ki, heç bir problem yoxdur".
Müttəhim Azad Məmmədli isə Fransa xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməsini inkar edib:
"Mənə əməkdaşlıq təklifi ediblər. Amma bunu rədd etmişəm. Böyük Britaniya Krallığında olduğum zaman Martin mənə zəng edib və biz söhbət etmişik. Bununla bağlı iş materiallarında səs yazılarımız var. Bizim aramızda heç bir qanunsuz hərəkət və söhbət olmayıb. Mənə 9 epizod üzrə ittiham verilib".
Müttəhim bildirib ki, Fransa səfirliyinin əməkdaşları kimi təqdim olunan və həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları - Frederik Devos və Loran Lödi ilə Martin Ryanın vasitəsilə tanış olub. Ona heç bir imtiyaz və digər söz verilməyib, belə bir söhbətləri də olmayıb:
"Martin Bakıda yaşadığı evində qonaqlıq verib. Məni də digər tanışları kimi həmin qonaqlığına çağırıb. Frederik Devos da ora gəlib. Buradan belə nəticəyə gəlmək olar ki, mənim Frederik Devosla süni görüşümüzün görüntüsünü yaradıblar. Bu işdə mən özüm zərərçəkənəm. Çünki Martin 9 Azərbaycan vətəndaşının onlarla əməkdaşlıq etməsi barədə görüntü yaradıb və təqdim edib. Onlardan da biri mənəm.
Mənim özümün icazəm və xəbərim olmadan haqqımda olan məlumatları onlara verib. İndi burada Martin yalan danışır. Deyir ki, guya mən Frederik Devosa 2021-ci ildə suallar verəndə onun xüsusi xidmət orqanının əməkdaşı olduğu nəticəsinə gəlmişəm. Amma Martin Devosla 2020-ci ildə əməkdaşlıq edib. Vətən müharibəsi dövründə işlər görüb.
Burada sual ortaya çıxır ki, niyə həmin dövrdə Frederik Devosun xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib? Bundan ilyarım sonra onun xüsusi xidmət orqanının əməkdaşı olduğunu müəyyən edib. Analiz edəndə burada Martinin yalan danışdığı açıq-aydın görünür. Martin ölkəmizlə bağlı Fransa xüsusi xidmət orqanlarının 50-yə yaxın tapşırığını icra edib. Bunların da əksəriyyəti Vətən müharibəsi dövrünə təsadüf edir.
Martin 44 günlük müharibə dövründə əldə etdiyi məlumatların Fransa xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülməsinə nail olub".
Azad Məmmədli daha sonra ifadəsində göstərib ki, ona irəli sürülən ittihamlardan biri də Ermənistanda açılacaq Zəngəzur dəhlizi ilə bağlı fikirlər olub:
"Mən 2023-cü ildə Bakıya gələndə Martinin qonağı olmuşdum. Bu zaman sözügedən dəhliz barədə ona subyektiv fikirlərimi demişdim. Ona bu dəhliz açılacağı təqdirdə burada Rusiyanın yox, Avropanın qoşunlarının olmasını istədiyimi bildirmişdim".
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan silahlı qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Martin Ryan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub.
"Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Növbəti proses mayın 19-da davam edəcək./Musavat.com