Türk dövlətlərinin Kipr addımı – Rəsmi Ankara hədəf alındı?


Üç türk dövlətinin – Özbəkistan, Qazaxıstan və Türkmənistanın Yunan Kiprində səfirlik açması, beynəlxalq siyasi arenada təəccüblə qarşılandı. Bəzi ekspertlər bunu Türkiyəyə qarşı atılmış addım kimi dəyərləndirirlər.

Bu realdırmı? Kiprlə diplomatik münasibətlər quran türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımayacaq? TDT bu addıma münasibət bildirəcəkmi?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, Özbəkistan, Qazaxıstan və Türkmənistanın Kiprin rum kəsimində səfirlik açması təəssüfləndirici haldır:

“Kipr adasında son yarım əsr ərzində baş verən hadisələrin obyektiv və ədalətli təhlili onu göstərir ki, adanın rum kəsimi Yunanıstanın hərbi və siyasi dəstəyi ilə davamlı olaraq yerli türklərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməyə cəhd göstərmişlər. Yalnız 20 iyul 1974-cü ildə Türkiyənin hadisələrə müdaxiləsi və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması nəticəsində Kipr türklərinə qarşı başladılmış soyqırımın qarşısı alınımışdır. Adanın iki icma tərəfindən hər hansı bir şəkildə birlikdə idarə olunmasının mümkün olmadığı səbəbi ilə 1983-cü ildə Kipr türkləri öz müstəqil respublikalarını elan ediblər. O zamandan keçən 40 ildən çox müddət ərzində dünya birliyini təmsil edən beynəlxalq qurumlar və eləcə də adada baş verən hadisələrə fəal şəkildə müdaxilə edən qlobal güc mərkəzləri adanın rum və türk kəsimləri arasında ayrı-seçkilik siyasəti aparmışlar. Faktiki olaraq, adanın türk əhalisinin hüquqları ciddi şəkildə pozulur və hələ də türklərə qarşı sıxışdırma siyasəti aparılır. Belə bir şəraitdə türk dünyasının mənəvi borcu adada yaşayan soydaşlarımıza hərtərəfli dəstək nümayiş etdirməkdən ibarətdir. Türkiyə və Azərbaycan bu istiqamətdə lazımi addımları atıb və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin maraqlarının qorunmasında fəal iştirak edirlər. Türkiyə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanıyan ilk və yeganə dövlətdir. Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü ildə Kuzey Kıbrıs Məclisi ilə parlamentlər arası işçi qrupu təsis edib və parlament səviyyəsində rəsmi münasibətlərə start verilib. Türkiyə və Azərbaycanın dəstəyi ilə Kuzey Kıbrıs Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilib”.

Deputatın sözlərinə görə, son illərdə Mərkəzi Asiya türk dövlətlərinin də tezliklə Kuzey Kıbrısla diplomatik əlaqələr quracağını gözlədiyimiz halda Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə səfirlik açması əlbəttə bizi dərindən təəssüfləndirir:

cavansir feyziyev esas yeni 1

Cavanşir Feyziyev

“Eyni zamanda düşünürəm ki, əgər bu addım Mərkəzi Asiya türk dövlətlərinin öz milli maraqlarını təmin etmək məqsədi güdürsə, bu onların suveren hüquqlarıdır. Lakin yeni dünya nizamı uğrunda gedən qlobal proseslərdə milli maraqlarımızın sivilizasiyon maraqlarımızla uzlaşdırılması çox vacib və zəruri şərt olmalıdır.
Kipr türkləri böyük türk dünyasının ayrılmaz bir parçasıdır. Onlar siyasi, iqtisadi, hərbi, mənəvi və s. təzyiqlərə məruz qaldıqda ümid bəsləyəcəyi və dəstək gözləyəcəyi yeganə ünvan türk dünyası, türk sivilizasiyasına mənsub xalqlar və dövlətlərdir. Kipr türklərinin ümidlərini doğrultmaq isə dünya türklüyünün borcudur.

Düşünürəm ki, mövcud durumda Kuzey Kıbrısla bağlı məsələnin TDT çərçivəsində təhlili, müzakirəsi və bu məsələyə vahid mövqeyin müəyyənləşdirilməsi faydalı olardı. Mərkəzi Asiya türk dövlətlərinin Cənubi Kiprdə səfirlik açmaqla yanaşı eyni zamanda Kuzey Kıbrısla diplomatik əlaqələr qurmasını və onun müstəqilliyinə dəstək verməsini yeganə düzgün yol hesab edirəm. Tarixin bu mərhələsində türk dünyasını təmsil edən bütün müstəqil dövlətlər uzlaşdırılmış vahid siyasi mövqedən çıxış etməli və böyük türk birliyi idealı uğrunda öz mənəvi borcunu mütəşəkkil şəkildə yerinə yetirməlidir. Bu gün atılan yanlış bir addım uzun əsrlər boyu türk dünyasının gələcəyinə öz mənfi təsirini göstərəcək tarixi bir səhv olardı. Unutmamalıyıq ki, türk dünyasının bir parçası olan uyğurlar da məhz belə bir tarixi səhvin acısını hələ də yaşamaqdadırlar.

Ümid edirəm ki, hər bir qardaş türk dövləti öz borcunu layiqincə yerinə yetirəcək və vahid türk xalqı olaraq tarixin bu sınağından ləyaqətlə çıxacağıq”.


MANŞET XƏBƏRLƏRİ