Xəbər verdiyimiz kimi, Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib. Ötən gün Prezident İlham Əliyevin ADA Universitetində keçirilən forumda çıxışı zamanı Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçilik rolu ilə bağlı söylədiyi fikirlərdən sonra bu prosesin baş tutması diqqətçəkəndir.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycanın İsrail və Türkiyə ilə münasibətləri yüksək səviyyədədir:
“Azərbaycan Türkiyə ilə qardaşlıq səviyyəsində münasibətlərə malikdir. Dünyada bir-biri ilə bu qədər sıx əlaqələri olan ikinci belə dövlət yoxdur. Xalqlar arasında da dərin münasibətlərin şahidi oluruq. Azərbaycana qarşı hər hansı problem yarananda Türkiyə xalqı birləşərək dəstək verir. Eyni münasibəti xalqımız da Türkiyəyə göstərir. Müharibə dövründə bunu aydın şəkildə gördük. İnsanların meydanlarda Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağını da dalğalandırması Türkiyəyə olan sevgi və hörmətin bariz nümunəsidir”.
Zeynal Əmrəliyev
Politoloqun sözlərinə görə, Azərbaycanın İsraillə də yaxın münasibətləri mövcuddur:
“Müsəlman dünyasında İsrailin ən yaxın müttəfiqi Azərbaycandır. Rəsmi Bakının Türkiyə və İsraili barışdırmağa çalışması gözlənilən idi. İlk böhran zamanı Bakının təşəbbüsü “Mavi Marmara” hadisəsindən sonra baş verib. Çünki burada ilk dəfə olaraq Türkiyə və İsrail toqquşma mərhələsinə gəlmişdi. Hazırda isə onların arasında hərbi qarşıdurma riski yüksək deyil. Çünki hər iki ölkə NATO ilə əlaqəlidir və ABŞ-la sıx münasibətlərə malikdirlər. İki ölkə arasında hərbi və iqtisadi əməkdaşlıq da mövcuddur. Belə olan halda toqquşma riski olduqca azdır. Türkiyə və İsrail arasında münaqişə hər iki tərəfin maraqlarına zərbə vurar. Azərbaycanın bu dövlətlərlə dost münasibəti göstərməsi, onların arasında diplomatik körpü rolu oynaması çox önəmlidir. Bu, Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir”.