Kərə yağının qiyməti niyə “od tutub yanır"?: Bu gedişlə camaat yağ yeməyəcək - ŞƏRH


Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının idxalına milyonlarla dollar vəsait xərcləyir. Ən çox vəsait xərclənən məhsullar içərisində kərə yağı da üstünlük təşkil edir. Kərə yağının qiyməti isə günbəgün artmaqda davam edir.

Təbii ki, bu da əhalini narahat edir. Onsuz da xalis kərə yağı tapmaqda çətinlik çəkən əhali, indi də "əl yandıran" qiymətlərin dərdini çəkir.

Bəs bu artımın qarşısını necə almaq olar? Ümumiyyətlə idxaldan asılılığı azaltmaq üçün nə etmək lazımdır? Turkustan.az olaraq bu sualları iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq. Ekspert bildirdi ki, qiymətlərin qalxmasının müxtəlif səbəbləri var.

İqtisadçı Ekspert Günay Hüseynova- Korona virus pandemiyasının ölkə  iqtisadiyyatına təsiri haqda

İlk faktor odur ki, yerli istehsal tamamı ilə yox səviyyəsindədir, kustar üsulla hazırlanıb satış həyata keçirilir. Regionlarda olanların belə tərkibi tam təbii deyil. Marqarinlə, palma yağıyla, mənşəyi məlum olmayan yağlarla qarışdırılıb satış həyata keçirirlər.

Məsələnin iqtisadi tərəfinə gəldikdə isə, biz idxaldan asılıyıq, həmin ölkələrdəki inflyasiya qiymətlərə təsir edir. Kənd təsərrüfatı sahəsində olan, qalan heyvandarlıq da günü gündən azalır, heç kəs nə kənddə qalmaq, nə də təsərrüfatla məşğul olmaq istəmir.

Ona görə ki, bu həm zəhmətlidir, həm də innovativ cəhətdən inkişaf etməyib. Bununla yanaşı əsas səbəblərdən biri də örüş sahələrinin bəzi məmurlar tərəfindən işğal olunmasıdır. Kəndli cibindən pul verib neçə pres ot, yonca ala bilər ki, hələ südündən də kərə yağı hazırlayıb satsın?.Yağlılıq dərəcəsinə görə 22-25 litrdən 1 kiloqram yağ alınır. Bu kimi hallar da əlbəttə, kəndliyə sərf etmir.

Əslində çıxış yolu başqadır. Dövlət proqramı olarsa, orta yaş üstü insanlara şərait yaradılarsa, bu sahədə idxaldan asılılığımız da olmaz. Amerikada, Avropada orta yaş üstü insanlar fermerlər dərnəyinə qoşulur, maariflənir, heyvandarlığın, əkinçiliyin yeni texnologiyalarını öyrənib tətbiq edir.

Paytaxt Bakıda onsuz da sıxlıq var, kəndlər boş qalıb. 18-25 yaşındakı gənclər heyvandarlıqla məşğul olmaq istəmir, amma hamıya məlumdur ki, işsizlik problemi var. Onun üçün də həm məşğulluğu artırmaq, həm idxaldan asılılığı qaldırmaq baxımından belə bir proqram hazırlanması daha məqsədə uyğun olardı. Əks halda gərək qida rasionumuzdan kərə yağını çıxardaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ