Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqlar, əldə edilən razılaşmalar fonunda qarşı tərəf digər məsələlər ətrafında manipuliyasiya edir. Bu xüsusda rəsmi İrəvan “etnik təmizləmə”, “Dağlıq Qarabağ”, “məcburi köçkün” kimi ifadələri gündəmdə saxlamağa çalışır.
Mövzu ilə bağlı Teleqraf-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bunun Azərbaycana qarşı təzyiq metodu olduğunu deyib.
Onun fikrincə, məqsəd Azərbaycanı Ermənistanla tələsik sülh müqaviləsini imzalamağa məcbur etməkdir: “Ermənistan konstitusiyası dəyişmədən, ATƏT-in Minsk qrupu buraxılmadan Azərbaycanı tarixi səhf etməyə yönəltmək niyyətləri var. Bu baş verməyəcək. Azərbaycan öz hüquqları ilə yanaşı beynəlxalq hüququ da bilir. Keçmiş “Dağlıq Qarabağ” və könüllü şəkildə köçüb Ermənistana getmiş insanların mövzusu siyasi gündəlikdə yoxdur. Həmin insanları Azərbaycan ərazisindən heç kəs qovmayıb. Onlara Azərbaycan vətəndaşlığını qəbul edərək, ölkə vətəndaşlarının malik olduğu hüquqlar və azadlıqlar vəd edilib. Buna baxmayaraq 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki bir günlük antiterror tədbirlərindən sonra erməni əsilli şəxslər ərazini könüllü şəkildə tərk etdilər. Onların isə mütləq əksəriyyəti 1991-ci ildən sonra qeyri-qanuni olaraq əraziyə yerləşdirilənlər olub. Bununla belə bir qrup erməni əsilli şəxs Xankəndidə və ətraf ərazilərdə qalmaq qərarı verib. Onlar Azərbaycan dövlətinin himayəsindədir”.
Deputat əlavə edib ki, Ermənistanın digər mövzular ətrafında siyasi manipuliyasiyadan əl çəkmək vaxtı çatıb: “Bütün iddialardan imtina edib, Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq üzərində düşünmək lazımdır. Ancaq sülh sazişi və onun müddəalarının necə həyata keçirilməsi mexanizmi haqqında danışmaq olar”.
AĞ Partiya başqanı Tural Abbaslı isə Azərbaycanla Ermənistan arasındakı danışıqlarda fərqli anlayışların olduğunu bildirib.
Onun fikrincə, istənilən ikitərəfli danışıqlarda bir çox hallarda az qala ticarət qaydalarına əsaslanan şərtlər müzakirə edilir: “Kim nə verdi, hansı tərəf güzəştə getdi amili burada əsas olur. İndiki halda erməni tərəfinin Azərbaycanla sülh danışıqlarında “əli zəif” olduğu üçün digər mövzularda manipuliyasiya etməyə çalışır. Qarabağdan könüllü şəkildə getmiş erməni əsilli şəxslərlə bağlı məsələləri gündəmdə saxlamaqla bir növ bunun üzərində “təzyiq” elementləri axtarırlar. Qarabağda “erməni abidələri” və digər mövzulara aid iddialar da səslənir. Əslində onlar da bilirlər ki, Azərbaycan üçün Qarabağ mövzusu gündəlikdə deyil”.
Tural Abbaslı Almaniya prezidentinin Bakıya səfəri çərçivəsində “Qarabağ Azərbaycandır” bəyanatına da diqqət çəkib: “Bu bəyanat heç də birmənalı qarşılanmır. Ərazi Azərbaycana məxsusdur və bunun üzərində nəsə bəyanat verib, jest edirmiş kimi yanaşma sərgiləmək doğru deyil. Qarabağ mövzusu birdəfəlik gündəmdən çıxarılmalıdır. Əsas gündəm indi Zəngəzurla bağlı ola bilər. Bu mövzunu aktual olaraq gündəmdə saxlamaq daha doğru olardı”.