“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun məscidlərlə bağlı fikirləri qalmaqal yaradıb.
Sitat: “Allaha inanıram, lakin qorxmuram. Qorxum vicdanımdandır. Dindən qorxuram. Mənim əlimdə imkanım olsa, bütün məscidləri söküb yerində məktəb tikdirərəm”.
Ümumiyyətlə, Azərbaycanda məscidlərin tikilməsini hansı qurum təşkil edir? Bu, qanunla necə tənzimlənir?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, məscid tikməklə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi məşğul olur:
“Azərbaycanda din dövlətdən ayrıdır. Amma mənəvi tərəfdən baxdıqda islam dövlətiyik. Həmçinin digər dinlərdən olan icma və quruluşlara qarşı münasibətdə də tolerantıq. “Dövlət məscid tikməlidirmi” sualına gəldikdə, fikrimcə, belə öhdəliyi yoxdur. Lakin əhalinin əksəriyyətinin islam dininə mənsub olmasını nəzərə alsaq, bununla bağlı komitə və ya icmalar tərəfindən daxil olan müraciətlərə baxıla, bunlar əsasında dövlət proqramları ilə iş icra edilə bilər”.
Ramil Osmanlı
Ekspert hesab edir ki, İsfəndiyar Axundovun fikirlərinin çoxu cəfəng və əsassız iddialardan ibarətdir:
“İş adamı sadəcə düşündüklərini danışır. Bu mənada həmin müsahibə əsasında ciddi müzakirələr açmağa, məsələyə əhəmiyyətli yanaşmağa ehtiyac yoxdur”.