İran ətrafında müşahidə olunan gərginlik və müharibə ehtimalı getdikcə artır. ABŞ və İsrail Tehrandan nüvə proqramını dayandırmasını, Yəmən, Livan, Qüds və Suriya ərazilərindəki proksilərinin fəaliyyətini sıfırlamasını tələb edirlər.
Eyni zamanda İranın Hörmüz boğazında və Fars körfəzində hərbi iştirakını məhdudlaşdırmalı olduğu da bildirilir. Yalnız bu halda nüvə obyektlərinin bombalanmasının təxirə salına biləcəyi açıqlanıb.
İsrail və ABŞ İranı bütün var olma mexanizmlərindən məhrum edərək onun səssiz işğalına hazırlaşırlar? Rəsmi Tehran mövcud təzyiq və yaranmış təhlükəli vəziyyət fonunda iddialarından geri çəkiləcəkmi?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu gün dünya ictimaiyyətini narahat edən məsələlərdən biri də ABŞ və İsrailin İranla gözlənilən müharibəsidir:
“Daha doğrusu, ABŞ və İsrailin nüvə obyektlərinə raket zərbələri endirmək barədə aldıqları qərar, yeni və daha böyük müharibənin başlanması kimi ciddi təhlükə yaradır. Bu təhlükə təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün narahatlıq mənbəyi kimi qiymətləndirilir. Çünki müharibədən sadəcə aktiv döyüşlərin olduğu region deyil, bütün dünya əziyyət çəkəcək.
ABŞ və İsrail sözdə İranın nüvə proqramının qarşısını almağı əsas götürürlər. Amma Tehrana qarşı irəli sürülən şərtlərə nəzər yetirdikdə görürük ki, nüvə proqramı onlardan biridir. Bu şərtlərə İrana aid edilən proksilərin fəaliyyətinin dayandırılması, regionda hərbi fəaliyyətinə xitam verilməsi, dron istehsalının dayandırılması yeni raket növlərinin yaradılmaması və digər məsələlər daxildir. Qeyd olunanların İran tərəfindən qəbul edilərək həyata keçirilməsi, bu ölkənin bütün hərbi fəaliyyətinin dayandırılması (demilitarizasiyası – red.) mənasına gəlir. ABŞ və İsrail Tehran hökumətinin sözügedən şərtləri qəbul etməyəcəyini bilir. Yəni İrana hücum həyata keçirilməsi, yaxud Tehranın hücum olmadan şərtləri qəbul etməsi eyni anlama gəlir”.
Əlimusa İbrahimov
Politoloqun sözlərinə görə, ABŞ və İsrail bilərəkdən İrana onun qəbul etməyəcəyi şərtləri irəli sürməklə müharibə üçün zəmin hazırlayırlar:
“Onların əsas məqsədləri İrana raket zərbələri endirmək, onun hərbi sənayesini və iqtisadiyyatını güclü hücuma məruz qoymaqdır. Nəticədə bu ölkəni uzun müddət təhlükə mənbəyi olmaqdan çıxarmaq məqsədi güdürlər. Bütün bunlar olduqca şübhəlidir.
Avropa İttifaqı (Aİ) bir aya yaxındır İranın proksisi kimi qiymətləndirilən Yəmən husilərinə zərbələr endirir. Amma hərbi mütəxəssislərin qiymətləndirmələrinə görə, milyardlarla vəsait xərclənməsinə baxmayaraq husilərə ciddi ziyan vurmaq mümkün olmayıb. İran bu qruplaşma ilə müqayisədə 100 dəfə daha güclüdür, bütün ölkə boyu raket bazaları yerləşdirilib. ABŞ və İsrailin İrana hücumda nə dərəcədə müvəffəq olacaqları məlum deyil.
Bu gün İran seçim qarşısında qalan dövlət təsiri bağışlayır. Lakin görünür, Tehran hökuməti artıq seçimini edib. Ölkə rəhbərliyi ABŞ Prezidenti Donald Trampın məktubuna cavabda və ən yüksək səviyyədə bəyanatlarda da danışıqların yalnız nüvə proqramı ilə bağlı olacağını bildirib. Digər məsələlər onun müzakirə edəcəyi mövzular sırasına daxil deyil”.