Şərurlu İsfəndiyara SƏRT SÖZLƏR: “O nə danışdığını dərk edirmi ki?!” - MÜSAHİBƏ


İş adamı, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovun “Mən çoban oturmuşam başda, alimlər də mənim üçün işləyir, pullar da gəlir” ifadəsi neçə gündür müzakirələrə səbəb olub. Kimisi bunu alimlərə diqqət, kimisi isə üstən aşağı intonasiya kimi qiymətləndirir.

İctimai-siyasi xadim Zəlimxan Məmmədli son günlər gündəmi zəbt edən bu məsələylə bağlı Bakıvaxtı.az-a kiçik müsahibə verib.

Onunla söhbəti təqdim edirik.

- Cəmiyyətin aparıcı təbəqəsi aydınlar, alimlər olmalıdır. Onlar cəmiyyəti idarə etməlidirlər, ictimai rəy formalaşdırmalıdırlar. Ona görə ki, alimlərin fikirlərinin alt qatında elmi baza var. Elmi baza aparıcı olanda cəmiyyətləşmə prosesi rahat həyata keçir. Etiraf olunmalıdır ki, hazırda ölkəmizdə cəmiyyətləşmə prosesi “tormozlanıb”. Bunun siyasi, iqtisadi və digər səbəbləri var.

Həqiqətin aparıcı olduğu cəmiyyətdə sanballı alimlər yetişir. Alimin də, fəhlənin də, çobanın da yeri müəyyən olunur. Bizdə natamamlıq olduğu üçün bu yerlər dəyişik düşüb. Nəticədə alimlər çobanın əlinin altında işləyirlər. Çoban kapitala meyillidir və pul onu aparıcı edir və belə olan halda alim təfəkkürü sıxıntıda qalır. Çox möhtəşəm alimlərimiz var, amma cəmiyyətin idarə olunmasında ictimai fikrin hazırlanmasında onların düşüncəsindən istifadə olunmur. Təəssüf ki, alimlərin qafası ictimai münasibətlərdə aparıcı deyil. Ona görə də belə mənzərələr ortaya çıxır. Onun günahı alimdə deyil. Amma nəticə etibarilə həm də alimlər məsuliyyət daşıyırlar. Hamımız məsuliyyət daşıyırıq.

- Nələr edilməlidir ki, dəyərlər yerini dəyişməsin?

- Alimlər önə çıxarılmalıdırlar. onların qayğısına qalınmalıdır. Onlara sifarişlər verilməlidir, alimlər zəngin olmaldırlar ki, bir çoban onların üzərində kapital dili ilə danışmasın.

- Bu mövzu ilə bağlı bir neçə alimə sual verdim, onlar ya vəlvələdən, ya da zəlzələdən məsələ barədə danışmadılar. Hətta başqa vaxt “sinəsinə döyüb” ziyalı qiyafəsinə bürünən bir neçə yazıçı, aktyor, aktrisa ilə də müzakirə aparmağa çalışdım. Suallarımı cavabsız qoydular. Bəlkə elə günah “suyu da üfürə-üfürə içən” alimlərin, ziyalıların özündədir?

- Bu o deməkdir ki, cəmiyyətdə həqiqət aparıcı mövqe tutmur. O alimlər ona görə danışmırlar ki, həqiqəti danışanda işləri, mövqeləri və karyeralarına basqılar yaranır.

- İsfəndiyar Axundov onu da bildirib ki, “İmkanım olsa, bütün məscidləri söküb yerində məktəb tikdirərəm”. Sizcə, bu gün məscidlər məktəblərə mane olurmu?

- O nə danışdığını dərk edirmi ki?! Məktəb Allahı dərk etmək üçün ilk ocaqdır. Bu baxımdan məktəb ucadır. Elmli insanlar Allahı, dini daha dərindən dərk edirlər. Təhsilimiz yerində olsaydı, təhsilə önəm verilsəydi, elmə münasibətdəki qüsurlar olmasa idi, bu cür yanlış fikirlər ortaya atılmazdı.


MANŞET XƏBƏRLƏRİ