Xəbər verdiyimiz kimi, Türkiyədə aprelin 7-dən etibarən havanın temperaturu kəskin enir. Ölkədə temperatur normadan 5-7, dağlıq ərazilərdə isə 7-9 dərəcə aşağı olacaq. Aprelin 8-də bəzi bölgələrdə sulu qar yağacağı ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Hətta artıq Antalya bölgəsinə qar yağıb.
Bununla yanaşı, şimal qonşumuz Rusiyaya da soyuq hava kütlələri qayıdıb. Ölkənin Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, Moskva şəhərində güclü qar bir neçə gün davam edəcək.
İki qonşu ölkədə müşahidə olunan qarlı hava Azərbaycana necə təsir edəcək? Yaxın günlərdə ölkəmizdə havanın kəskin dəyişəcəyi gözlənilirmi?
Globalinfo.az-a danışan Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, aprel ayında dəyişkən hava şəraiti müşahidə olunur:
“Ümumiyyətlə, sutkalıq proqnozlar təqdim olunur. Hələ ki havaların kəskin dəyişəcəyi ilə bağlı məlumat yoxdur. Aprelin 7-də dağlıq ərazilərdə, 8-də isə bəzi şimal və qərb rayonlarında əsasən gündüz saatlarında havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur”.