“Melissa” kimi şirkətlər nəyə arxayındır? - “Vətəndaşlara təzyiq göstərirlər”


“Çıxarış və texniki pasportu olmayan yerdə belə, əgər vətəndaş həmin tikilidə uzun müddət yaşayırsa, orada qeydiyyata alınır. Bu demək olar ki, vətəndaşa bərabər hüquq verir”.

Turkustan.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib.

O qeyd edib ki, heç bir hüquqi sənədi olmayan evdə uzun müddət yaşayan vətəndaş qanunsuz söküntü zamanı kompensasiya əldə edə bilər:

“Bu ictimaiyyət üçün olduqca maraqlı və bir o qədər də yaralı mövzudur. 2 qanun qüvvədədir. Birincisi, həm Konstitusiyada, həm də Mənzil Məcəlləsində qeyd olunub. Yəni Azərbaycan Respublikası vətəndaşının mülkiyyəti toxunulmazdır. İkincisi, qiymətləndirmə haqqında qanun var. Çıxarış və texniki pasportu olmayan yerdə belə, əgər vətəndaş həmin tikilidə uzun müddət yaşayırsa, orada qeydiyyata alınır. Bu demək olar ki, vətəndaşa bərabər hüquq verir.

Əgər əmlakın ümumiyyətlə, heç bir sənədi yoxdursa və vətəndaş həmin ünvanda uzun müddət yaşayıbsa, həmin əmlakı onun əlindən alıb sökmək düzgün deyil. Bu məsələ Ali Məhkəməyə gedib çıxarsa və sübut edilərsə, ona kompensasiyası ödənilməlidir”.

Ekspertin sözlərinə görə, adətən, söküntü zamanı əlavə tikililərlə bağlı mübahisə yaranır:

“Nazirlər Kabinetinin pilot layihələrin icrası ilə bağlı 86 saylı qərarı vardı. Hər rayonun icra hakimiyyəti köhnəlmiş tikililərin sökülməsi üçün özü inşaat şirkəti tapmalı idi. Bu prosesdə birbaşa icra hakimiyyətinin nümayəndələri iştirak edirdi. Onlar inşaat şirkəti ilə vətəndaşlar arasında, bir növ, vasitəçi rolu oynayırdılar. Belə olduqda, şirkət və sakinlər arasında mübahisələr minimuma enirdi.

Amma bu qərar artıq qüvvədən düşüb. İndi vətəndaşla şirkət arasında hər hansı vasitəçi yoxdur. İnşaat şirkətləri dolayı yollarla vətəndaşlara təzyiq göstərir. Həmin əmlakın kommunikasiya xətləri sökülür, qapısına kimi qazıntı işləri aparılır və s.

Qanunda belə bir qeyd də var ki, söküləcək ərazi ilə bağlı söküntünü icra edəcək tərəf 1 il öncədən xəbərdarlıq etməlidir. Mən tövsiyə edirəm ki, sakinlər bu cür hallarda şirkətlərlə danışıqları qeyri-rəsmi qaydada aparmasınlar. Ən yaxşı halda prosesə hüquqşünas cəlb edilməli və bütün danışıqlar yazılı formada aparılmalıdır.

Təəssüf ki, vətəndaşların bir çoxu bunu bilmir. İnşaat şirkətləri hər bir sakinlə fərdi olaraq razılığa gəlir, beləliklə, bir neçə əmlak sökülür. Yerdə qalan mübahisəli evlərə dairsə sadaladığım müxtəlif variantlarla razılığa gəlməyə məcbur edilir”.


MANŞET XƏBƏRLƏRİ