ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya lideri Vladimir Putindən Ukraynadakı münaqişəni sona çatdırmaq üçün saziş bağlamasını istəyir.
“İstəyirəm ki, rus, ukraynalı əsgərləri və digər insanları öldürməyi dayandıraq. Əmin olmaq istəyirəm ki, o, bunu edir və düşünürəm ki, edəcək. Mən onun neftinə ikinci dərəcəli tariflər tətbiq etmək istəmirəm. Amma düşünürəm ki, o, bunu yerinə yetirməsə, bunu edəcəm. Mən bunu Venesuela ilə etmişəm”, – Tramp bildirib.
ABŞ-Rusiya danışıqları davam etsə də liderlərin görüşünə dair konkret vaxt deyilmir. Ekspertlər isə bu görüşün yaxın müddətdə baş tutacağını ehtimal edir.
Tramp-Putin görüşü nə zaman baş tutacaq? Bu reallaşdıqda nələr dəyişəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ-la Rusiya arasında münasibətlərin inkişaf dinamikası dünyanın diqqətindədir:
“İki ölkə təkcə Ukraynanın taleyini müzakirə etmir, həm də Avropanın, Asiyanın, hətta Qrenlandiyanın gələcəyini müəyyən edir. Dövlətlər arasında münasibətlər və dünyanın siyasi xəritəsi dəyişməkdədir. Bu reallığı qəbul etmək lazımdır. Burada həlledici rolu Birləşmiş Ştatlar oynayır.
Mütəllim Rəhimli
Trampın açıqlamasına görə, bu həftə Rusiya prezidenti ilə növbəti dəfə telefonla danışacaq. Tərəflər arasında ilkin razılaşmalar olduğu barədə məlumat verilib. Xüsusilə Qara dənizdə və enerji təchizatı mənbələrinə zərbələr endirməməklə bağlı ortaq mövqeyə gəlinib. Tramp istəyir ki, Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olsun. Müşahidələr isə göstərir ki, danışıqlar təkcə Ukraynada atəşkəsi ehtiva etmir. Bu, gələcək bir çox geosiyasi addımların razılaşdırılmasına, təsir zonalarının müəyyənləşdirilməsinə yönəlib”.
Politoloq qeyd edib ki, Trampın Putinə qəzəbli olması siyasi oyundan başqa bir şey deyil:
“Ukraynanın milli maraqlarını Rusiyaya qurban verən Trampın bu dövlətə görə Putinə qəzəblənməsi inandırıcı görünmür. Ola bilər ki, digər ölkə və yaxud regionlarda siyasi maraqları toqquşduğuna görə bu cür informasiyalar mediaya ötürülüb”.