Rusiyada miqrantlarla bağlı SƏRT TƏLƏB – Soydaşlarımızı nə GÖZLƏYİR?


Xəbər verdiyimiz kimi, Rusiyada bu gündən etibarən miqrantlara qarşı yeni qaydalar qüvvəyə minib. Belə ki, artıq miqrant övladlarının məktəblərə qəbulunda qadağalar tətbiq ediləcək. Onlar Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim edilməklə əsas ümumi təhsil proqramları üzrə məktəbə qəbul ediləcəklər.

Eyni zamanda məktəbə qəbul olmaq üçün şagird rus dili biliyi ilə bağlı imtahandan uğurla keçməlidir. Qeyd edək ki, imtahan testi ödənişsiz olacaq.

“Bu şəxslər üçün problemlər yaranacaq”

Mözu ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Rusiyada yaşayan soydaşlarımızın fərqli statusları var:

“Onların çoxu artıq Rusiya vətəndaşıdır. Yeni qaydaların onlara heç bir təsiri olmayacaq. Bir qism soydaşımızsa Rusiyada rəsmi qeydiyyat əsasında yaşayır. 5-10 illik və hətta ömürlük oturum izni almış soydaşlarımız var. Onlar üçün yeni qaydalar heç nə ifadə etmir. Problem yalnız icazə müddəti bitmiş və hələ də Rusiyada olan soydaşlarımız üçün olacaq.

İndiki vəziyyətdə onlar yenidən qeydiyyatdan keçməlidirlər. Bu isə kifayət qədər çətin prodsedurdur. Yəni onların müvafiq imtahan vermələri heç də asan deyil. Belə vəziyyətdə qanunsuz şəkildə Rusiyada yaşayan soydaşlarımız başqa ölkəyə gedib daha sonra geri qayıtmalıdırlar ki, qanuni şəkildə daha bir müddət Rusiyada qala bilsinlər. Təbii ki, bu da əlavə problemlər deməkdir”.

“Bunu fürsətə çevirə bilərik”

Müsahibimiz hesab edir ki, Rusiyadakı soydaşlarımızın bir qisminin ölkəmizə qayıdışını bir problem kimi yox, fürsət kimi dəyərləndirilməlidir:

“Çünki həmin insanlar arasında pul qazana bilən bacarıqlı insanlar var. Belə işgüzar insanlara Azərbaycanda da ehtiyac var. Sadəcə buna müəyyən hazırlıq işləri aparılmalıdır. Bizdə kiçik və orta biznesin inkişafı üçün yeni fürsətlər yaradılmalıdır. İş yerlərinin daha asan açılması üçün imkanlar genişləndirilməlidir. Beləliklə də bu məsələni xeyrimizə dəyişə biləcək bir fürsətə çevirə bilərik”.


MANŞET XƏBƏRLƏRİ