BQP başqanı, Millət vəkili Fazil Mustafa Azərbaycanlıların soyqırımı günü ilə bağlı fikirlərini bölüşüb:
"107 il öncə - 1918-ci ilin 31 mart tarixində erməni-rus birliklərinin idarə etdiyi Bakı Kommunasının quldur dəstələri on minlərlə dinc Azərbaycan türkünü vəhşicəsinə qətlə yetirdilər. Xalqımız həmin tarixdən xeyli əvvəllər də davamlı olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalıb. Bu çirkin, mənfur siyasətin nəticəsi olaraq dəfələrlə faciələrlə üzləşib, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilib. Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən əlverişli fürsətdən yararlanan erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetiriblər. On minlərlə azərbaycan türkü ilə yanaşı, minlərlə ləzgi, talış, yəhudi, rus və avar milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirilib, diri-diri yandırılıb. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıdılıb. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib.
O zamanlar da imdadımza yenə Türk qardaşlarımız yetişib. Mart soyqırımlarından iki ay keçməmiş Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycan türklərini xilas etmək üçün vətənimizə gələrək, qeyrətli vətən övladları birlikdə Bakı Kommunasının hərbi birləşmələrini darmadağın edərək sentyabr ayının 15-də Bakını işğaldan azad ediblər. Məhz bu hadisədən sonra milli hökumətimiz Gəncədən Bakıya köçdü, o zamandan Bakı Azərbaycanın başkəndi oldu. Yüzlərlə türk əsgəri Azərbaycan türkləri ilə birlikdə bu savaşlarda şəhid oldu. Sonradan Nuru Paşa heç bir səlahiyyəti olmadığı halda, Qarabağı da erməni quldurlarından təmizlədi və orada Azərbaycan dövlətinin nəzarətini bərpa etdi.
Yəni 31 mart soyqırımını törədənlərdən ilk qisası Nuru Paşanın komandan olduğu Türk ordusu aldı. Çox təəssüf ki, həmin qəhrəmana bugünə qədər layiq olduğu münasibəti göstərə bilməmişik. Nədənsə, bizim tarixi yaddaşımız çox qısadır və belə görünür ki, 10 il öncəki hadisəyə münasibətimiz də eyni şəkildə olacaq. Unutmamalıyıq ki, biz bir dövlətin və millətin varisiyik. Min il öncə də, yüz il, iyirmi il öncə də baş verənlərin təəssüb və üzüntüsünü, eləcə də zəfər günlərinin qürurunu istəsək də, istəməsək də qan yaddaşı ilə büruzə verməliyik. 31 martın da tanıtımından daha çox, günahsız öldürülən babalarımızın, nənələrimizin ruhu qarşısında vəfa borcumuzu yerinə yetirməliyik. İstər 31 mart olsun, istər daha uzaq tariximiz olsun, biz bu tarixin bizə diktə etdiyi mətni hələ də doğru oxuya bilmirik, bu günümüzdən olduğu kimi, tarixdən də nə axtardığımızı bilmirik. Əgər biz 1918-ci ilin martına qədər düşmən ünsürlərin xalqımıza qarşı törətdiyi faciələrdən, qırğınlardan doğru nəticələr, lazımi dərslər çıxara bilsəydik və güclü dövlət strukturlarına malik olsaydıq, 31 mart qırğınları da, sonrakı faciələr də baş verməzdi.
Erməni faşizminin iç üzünü tanıtmaq, xalqımızın başına gətirilən faciələri göstərmək, onu yaddaşlarda daim diri tutmaq üçün Soyqırım Muzeyi yaradılmalı, həm də bunu Şəhidlər Xiyabanında yaratmalı və dövlət protokoluna salmalıyıq. Gələn qonaqlar məhz burada abidənin önündə baş əyərək, xalqımıza qarşı törədilən bu gerçək soyqırımın tarixi barədə dolğun məlumat əldə etməlidirlər. Təəssüf ki, bizim dəfələrlə etdiyimiz bu təkliflərimiz hələ ki, təşəbbüslərdən o tərəfə keçməyib, ona görə də hər il faciələrin ildönümlərində kiçik tədbirlər keçirməklə işimizi bitmiş hesab edirik. Bunların nəticəsidir ki, problemi dünya gündəminə daşımaqda problemlər yaşayırıq.
31 mart soyqırımı tarixin acı dərsi, bizim faciəli tariximizdir. Faciələrin bir daha yaşanmaması üçün unutqanlıqdan birdəfəlik qurtulmalı, ayıq-sayıqlığımızı əldən verməməli və hər an hazırlqlı olmalıyıq. Şükürlər olsun ki, beynəlxalq hüquqa dayanan ədalətli II Qarabağ müharibəsi ilə xalqımız, onun qəhrəman Silahlı Qüvvələri erməni cəlladlarının tarixin müxtəlif dövrlərində bizə yaşatdıqları faciələrin əvəzini çıxdı və mənfur faşizm üzərində şanlı Zəfərə nail oldu.Torpaqlarımızın düşmən işğalından əbədi azad olunması, insanların öz ata-baba yurdlarına dönməsi ilə də soyqırım qubanlarının ruhu rahatlıq tapdı".