Azərbaycanla İranın Ramazan ziddiyyəti... - Bayram nə vaxt qeyd olunmalıdır?


İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda Ramazan bayramı hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edilir. Ancaq bayram gününün müəyyən edilməsi ilə bağlı hər dəfə fikir ayrılıqları yaranır. Düzdür, Azərbaycanda bayram Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi olaraq elan etdiyi gündə keçirilir. Lakin bəzi bölgələrdə insanlar fərqli mənbələrə, xüsusilə İran və ya bəzi ərəb ölkələrinin təqviminə əsaslanaraq, bayramı digər günlərdə qeyd edirlər.

Bəs niyə bu cür fikir ayrılıqları yaranır və bayram ayr-ayrı bölgələrdə fərqli günlərdə keçirilir? Bunun bir neçə səbəbi var.

1.Ayın görünməsi problemi

İslam dinində bayram günləri hicri-qəməri təqviminə əsasən müəyyən edilir. Ramazan ayının bitməsi və Şəvval ayının başlaması üçün yeni ayın (hilalın) görünməsi əsas götürülür. Burada iki əsas yanaşma mövcuddur:

Birinci yanaşma astronomik hesablamalara əsaslanır. Bəzi müsəlman ölkələri və alimlər, o cümlədən QMİ bayram gününü elmi hesablamalara əsasən, əvvəlcədən müəyyən edir. Yəni Ayın görünmə şərtlərinə əsasən konkret tarix açıqlanır.

İkincisi yanaşma Ayın gözlə müşahidəsinə əsaslanır. İran və bəzi digər İslam ölkələri ayın adi gözlə və ya teleskopla görünməsini əsas götürərək qərar, verirlər. Bu səbəbdən onların bayramı bir gün gec və ya tez olur.

2.Fiqhi və məzhəbi fərqlər

Azərbaycanda əhalinin böyük əksəriyyəti sünni və şiə məzhəbli müsəlmanlardır. Lakin bəzi insanlar dini qaydaları müxtəlif məzhəb alimlərinin fətvalarına uyğun icra edirlər. Məsələn, İran şiə dünyasının mərkəzi olduğu üçün oradakı rəsmi dini qurumların qərarlarını əsas götürənlər də var. İran isə bayram gününü öz fiqhi prinsiplərinə əsasən, təyin edir və nəticədə Azərbaycanla bu ölkə arasında bayram günü ilə bağlı fərq yaranır.

3.Siyasi və coğrafi amillər

Bayram gününün təyinində siyasi və coğrafi faktorlar da rol oynayır. Məsələn, bəzi müsəlman ölkələri Səudiyyə Ərəbistanının elan etdiyi tarixə uyğun bayram edirlər. Çünki Məkkə və Mədinə müsəlmanlar üçün müqəddəs məkanlardır. Digərləri isə İranın və ya Türkiyənin elan etdiyi tarixlərə riayət edirlər. Azərbaycan müstəqil dini siyasət yürütdüyü üçün rəsmi tarixləri öz astronomik hesablamalarına uyğun elan edir.

4.İnsanların ənənəvi və şəxsi inancı

Bəzi insanlar dini inanclara daha çox bağlı olduqları üçün rəsmi qərarlara baxmayaraq, bayramı öz izlədikləri mənbələrə uyğun şəkildə qeyd edirlər. Xüsusilə sosial şəbəkələr və internet resursları vasitəsilə fərqli ölkələrin bayram günü ilə bağlı qərarları yayıldıqda, insanlar bu məlumatlara əsasən hərəkət edir və nəticədə onlar bayramı fərqli günlərdə keçirirlər.

Bəs, əslində necə olmalıdır? Bir çox ilahiyyatçıların fikrincə, bu məsələdə ölkənin rəsmi mövqeyi, başqa sözlə, QMİ-nin açıqladığı tarix əsas götürülməlidir. Bu, dini və ictimai həmrəylik və birlik baxımından olduqca vacibdir. Çünki Ramazan bayramının əsas məqsədlərindən biri də insanları birliyə, həmrəyliyə dəvət etməkdir. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ