Hacı Qalib Fərhad Əhmədovdan aldığı 1 milyon dolları neynəyib? – Özü açıqladı


Azərbaycanlı iş adamı, milyarder Fərhad Əhmədov Bilgəh ağsaqqalı, sabiq deputat Qalib Salahzadəyə (Hacı Qalib) 1 milyon dollar vəsait verib. Bu narədə Hacı Qalib Manşet.az saytına açıqlamasında bildirib. O deyib ki, iş adamının bu qədər böyük məbləğdə pulu ona insanları həcc ziyarətinə aparması, Bilgəh qəbiristanlığının abadlaşdırılması üçün verib.

Bundan sonra sosial şəbəkələrdə və mediada mövzu müzakirə edilib. Hacı Qalib və Fərhad Əhmədov barədə müxtəlif iddia və ittihamlar yazılıb, deyilib

Globalinfo.az bu iddialarla bağlı Qalib Salahzadə ilə danışıb.

O, deyib:

“Bir kəlmə jurnalistin sualına cavab verdim, dərhal onu başqa istiqamətə yozdular. Fərhad Əhmədov bir milyon dollar pulu mənə kitab çap etdirmək üçün yox, Həcc ziyarətinə adam göndərmək məqsədilə vermişdi. Mənə göndərilən vəsaitin hamısını aidiyyəti üzrə sərf etmişəm. Fərhad Əhmədov çox xeyirxah işlər görüb. O mənə bir milyon dolları təxmini 15 il əvvəl vermişdi. Səhv etmirəmsə, həmin dönəmdə heç deputat deyildim. Adam 200 min dollar Bilgəh qəbiristanlığı üçün ayrıca pul göndərdi. Oranı abadlaşdırdı, ağaclar əkdi. Dedi ki, əzizləri də orada dəfn olunub. Bundan başqa 1 milyonu mənə o niyyətlə göndərdi ki, Qalib bəy, bu pula camaatı ziyarətə göndərin”.

Hacı Qalib həmin pulla Həcc ziyarətinə 500 nəfərdən çox zəvvar göndərdiyini vurğulayıb:

“Mənim şahidlərim də var. O puldan bir qəpik başqa istiqamətə xərclənməyib. Bəli, ehtiyacı olanlara dəstək olunub, amma ümumi məbləğə 500 nəfərdən çox şəxsi Həcc ziyarətinə göndərmişik. Pulu verən adam qalıb kənarda, kimsə gəlib hesabat aparır. Allah şahiddir ki, o məbləğdən özümə götürməmişəm. Bir onu deyə bilərəm ki, it hürər, karvan keçər”.

Qalib Salahzadə Fərhad Əhmədovla olan münasibətlərindən bəhs edib:

“Fərhad Əhmədovla münasibətim yaxşıdır. Adam gizlin şəkildə yüzlərlə ehtiyaclıya dəstək olub. Sonuncu dəfə Bakıda 6-7 ay öncə görüşmüşük”.


MANŞET XƏBƏRLƏRİ