Paşinyan Bakının bir tələbini də qəbul etdi: “Hazırıq!”


Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan hakimiyyəti Rusiya, ABŞ və Fransanın həmsədi olduğu ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırdır.

“Biz ATƏT-in Minsk Qrupunun buraxılmasını müzakirə etməyə hazırıq, çünki “Qarabağ hərəkatını” davam etdirmək niyyətində deyilik. Biz bunu ona görə etmirik ki, bundan sonra Azərbaycanın “Qərbi Azərbaycan” ifadəsini yaratmağa davam etməyəcəyinə əmin olmaq istəyirik”, – Paşinyan bildirib.

ATƏT-in Minsk Qrupunun ləğvi rəsmi Bakının sülh müqaviləsindən kənar tələblərindədir. Bu tələbin də konkret əsasları var:

1. ATƏT-in Minsk Qrupu faktiki olaraq fəaliyyət göstərmir. Elə isə bu qurumun formal da olsa, fəaliyyətini saxlaması əsassızdır;

2. ATƏT-in Minsk Qrupu keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəni sülh yolu ilə həllinə nail olmalı idi. Münaqişənin Dağlıq Qarabağ hissəsi həll edilib. Özü də hərbi yolla;

Ermənistanın indiki məqamda qurumun ləğvi ilə bağlı Bakının tələblərini qəbul etməsi, ya da Paşinyanın deyişi ilə ləğv məsələsini müzakirə etməyə hazır olması müsbət haldır. Bakı və İrəvan danışıqlar yolu ilə bu məsələni həll edə bilər. Bu, sülh prosesi fonunda mühüm yenilik olar.
Lakin Paşinyanın dediklərində diqqətçəkən bir məqam var. O deyir, “Biz bunu ona görə etmirik ki, bundan sonra Azərbaycanın “Qərbi Azərbaycan” ifadəsini yaratmağa davam etməyəcəyinə əmin olmaq istəyirik”. Ermənistan rəhbəri hər nə qədər əksini desə də Azərbaycanın “Qərbi Azərbaycan” ifadəsi, “Qərbi azərbaycan”lıların qayıdış məsələsi İrəvanı bərk narahat edir.

Məsələ ondadır ki, Azərbaycan Qarabağ ermənilərinə reinteqrasiya imkanı tanıdı. Bunu qəbul etməyən ermənilərin Ermənistana təhlükəsiz və öz istəyi ilə keçidinə də heç bir maneə yaratmadı. Rəsmi Bakı bu gün də deyir ki, Qarabağ erməniləri istəsə geri qayıda bilər. Amma Ermənistan tərəfi nə Azərbaycan kimi Qərbi azərbaycanlıların qayıdış məsələsi ilə razıdır, nə də reinteqrasiya bənzəri bir plan irəli sürmür. İrəvan heç Qarabağ ermənilərinin geri qayıtmasını da istəmir.

Paşinyanı narahat edən əsas məsələ Qarabağ ermənilərindən fərqli olaraq Qərbi azərbaycanlıların təşkilatlanmasına şərait yaranarsa kütləvi şəkildə Ermənistana köç etmək potensialıdır. Azərbaycanın demoqrafik artım problemi olmadığı üçün belə bir köç Bakının regional maraqları kontekstində ancaq əlini gücləndirə bilər. Paşinyan bu riskləri başa düşür və ona görə də Bakının kritik tələblərindən biri olan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı danışıqları qəbul edir.

Yuxarıda qeyd etdiyim kimi, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı İrəvanın mövqeyi sona qədər belə olarsa bu müsbət hadisədir. Lakin Qərbi Azərbaycan məsələsi tamam başqa mövzudur. Bu, əlavə danışıqlar və format tələb edən məsələdir. Bakı İrəvana qarşı ən böyük “kozır”dan çətin ki, belə asan imtina etsin.

turan rzayev

Turan Rzayev
Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ