Almaniyanın Azərbaycandakı səfirliyi rüşvət iddialarına cavab verdi


Almaniyanın Azərbaycandakı səfirliyi viza görüşlərinin qeyri-şəffaf olması və rüşvətlə satılması barədə ittihamlara cavab verib.

Diplomatik nümayəndəlikdən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda viza görüşləri sistemi işləyir və Azərbaycan vətəndaşları viza almaq üçün müraciət edirlər.

Səfirlikdən qeyd olunub ki, problem qeyri-iş günləri ilə bağlı ola bilər:

"Hazırda qeyri-iş günüdür. Sadəcə sistemə saat 12:00-dan sonra daxil olmaq lazımdır. Almaniyaya getmək üçün müraciət edənlərin sayı həddindən artıq çoxdur. Ona görə yerlər tez tutulur. Bu birbaşa konsulluğun məsələsidir. Hazırda səfirlikdə qeyri-iş günüdür. Amma şikayətlərlə bağlı müraciət edə bilərlər. Bütün məsələlər qanun çərçivəsində həll olunur. Səfirlik şikayətlərə baxır və qərar qəbul edir".

Hazırda turizm sektorunda fəaliyyət göstərən ictimai fəal İlkin Rüstəmzadənin ittihamlarına gəlincə, diplomatik nümayəndəlikdən bildirilib ki, o, səfirliyin konsulluq xidmətinə rəsmi şəkildə müraciət etməlidir:

"Həmin şəxs birbaşa səfirlik və konsulluğa rəsmi şəkildə müraciət edib, öz şikayətini bildirsin. Ona imkan daxilində köməklik göstəriləcək".

Qeyd edək ki, İ.Rüstəmzadə Almaniyanın Azərbaycandakı səfirliyinin viza görüşlərini rüşvətlə satdığını iddia edib. Onun sözlərinə görə, 40 gündən çoxdur Berlinin Bakıdakı diplomatik nümayəndəliyindən viza görüşü almaq mümkün deyil: "Almaniyanın Bakıdakı səfirliyi və onun viza mərkəzi, Vizametric şirkəti hazırda açıq-aşkar alverlə məşğuldur. 1 aydan çoxdur viza görüşlərini bağlayıblar. Nə tur şirkətlər, nə sadə vətəndaşlar görüş ala bilmirlər. Görüşləri özlərinə yaxın 3-4 makler var, ötürürlər onlara. Onlar da 500-1000 manat arası rüşvət qarşılığında viza görüşü istəyən adamlara satırlar".


MANŞET XƏBƏRLƏRİ