Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib.
Sitat: “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi razılaşdırılıb, imzalanması gözlənilir. Mən o sənədin altına imzamı atmağa hazıram”.
Paşinyanın bu sözləri müzakirələrə səbəb olub. Bir çoxları onun dediklərinin qeyri-ciddi olduğunu düşünür. Doğrudanmı Nikol Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır?
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, bu, Paşinyanın icad etdiyi yeni bir diplomatik “üslubdur”.
Tofiq Zülfüqarov
Onun sözlərinə görə, Paşinyan bundan əvvəl də “yenilik” təklif edib:
“Paşinyan daha əvvəl demişdi ki, hansı bəndlər razılaşdırılıbsa, gəlin onlara qol çəkək. İndi iki bəndə də razılıq verib. Bildirib ki, tək qol çəkməyə hazıram. Ortaya sual çıxır: Paşinyan sazişi öz-özü ilə bağlamaq istəyir?! Belədirsə, bu onun mental sağlamlığı barədə sual yaratmış olur. Əgər hansısa şəxs özü ilə sülh sazişi bağlamaq istəyirsə, bu onun psixoloji xəstəliyindən məlumat verir”.