İstanbul Böyükşəhər Bələdiyyəsində keçirilən genişmiqyaslı antikorrupsiya əməliyyatı böyük rezonans doğurub. Xüsusən İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması siyasi gündəmi silkələyib. Məlumata görə, əməliyyat çərçivəsində onun mətbuat müşaviri Murad Ongün, təbliğatını aparan Necati Özkanın da olduğu daha 100 nəfər nəzarətə götürülüb.
İmamoğlunun həbsində hansı pərdəarxası məqamlar ola bilər? Bu onun hakimiyyətə gəlmək yolunu bağlayacaqmı?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Türkiyə siyasətində belə hadisələr tez-tez baş verir:
“Siyasilərin həbsi, saxlanılması kimi olaylar Türkiyədə əvvəllər də olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir vaxtlar həbs həyatı yaşayıb.
Qabil Hüseynli
İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiyaya qarşı əməliyyatın olacağı gözlənilirdi. Ümumiyyətlə, bir müddət idi ki, həm bələdiyyənin, həm də Əkrəm İmamoğlunun fəaliyyətində qanunsuzluqların olduğu deyilirdi. Əslində, özü bu prosesə şərait yaratmış oldu.
Ərdoğan ağıllı insandır, bu yollardan keçib gəlib. İmamoğlu səhv buraxdı, o da ustaca istifadə etdi. Mən əməliyyatın gedişi ilə bağlı hər hansı qanunsuzluq olduğunu düşünmürəm. Amma bütün hallarda bu, İmamoğlunun karyerası üçün ciddi zərbə olacaq”.
Natiq Cəfərli
REAL Partiyasının sədri Natiq Cəfərli isə deyib ki, AKP-nin atdığı addımlar Əkrəm İmamoğlunu prezidentliyə daha da yaxınlaşdırdı:
“Çox böyük ehtimal, Türkiyənin gələcək prezidenti Əkrəm bəy olacaq. Sadəcə, məni bir sual maraqlandırır: AKP bunu bilərəkdənmi edir, müəyyən razılaşmalarmı var, ya reallıq hissini tam itiriblərmi?! Axı ən yaxşı elə Ərdoğan bilir ki, Türkiyə xalqı həmişə “mağdurun” yanında olur, indi açıq-aşkar İmamoğlunu “mağdur” edirlər, deməli, ona yardımçı olurlar ki, prezidentliyə əminliklə addımlasın – bunu anlamayacaq qədər siyasi “kor” olmaları mümkün deyil”.
Kənan Novruzov
Siyasi şərhçi Kənan Novruzov isə deyib ki, Türkiyə siyasi elitasında bu məsələ zaman-zaman gündəmə gəlir:
“Fikrimcə, İmamoğlu ilə bağlı iddialar onu gözdən salmaq kampaniyasının tərkib hissəsidir. Vaxtilə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı da belə addımlar atılmışdı. İmamoğlunun diplomunun ləğv edilməsinin siyasi nəticələri olacaq. Mümkündür ki, qərarın obyektiv və ədalətli səbəbi var. Amma istənilən halda bu onun tərəfdarlarında inamsızlıq yaradacaq. İmamoğlu prezidentliyə əsas namizəddir, amma artıq şansları azalacaq”.