Ermənistan ordusunun “kiçik qələbə” həmləsi – “Hədəf o əraziləri tutmaqdır”


Son günlərdə Ermənistan-Azərbaycan şərti dövlət sərhədində atəşkəsin pozulma halları intensivləşib. Xüsusilə sülh danışıqlarında irəliləyişin əldə olunduğu bir zamanda İrəvanın gərginliyi artıran addımları diqqət çəkir.

Məlumata görə, Ermənistan hökuməti 1 aprel – 13 iyun 2025-ci il tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışını planlaşdırır. Sözügedən toplanış rekord müddətdə – tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətindən çoxdur. Eyni zamanda, şərti sərhədlərdə istehkamların qazılması və mövqelərin möhkəmləndirilməsi prosesinin getdiyi bildirilir.

Mətbuatda yayımlanan peyk görüntülərində Ermənistanın sərhəd bölgələrində yeni səngərlər qazaraq müdafiə mövqelərini gücləndirdiyi əks olunur. Həmçinin Naxçıvan Muxtar Respublikası istiqamətində də erməni ordusunun istehkamlar qurduğu məlum olub.

Ermənistan yeni müharibəyə başlamaqla nəyə nail olmağa çalışır?

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla şərti sərhədlərdə “kiçik qələbə” qazanmaq istəyir:

“O, Avropanın dəstəyinə arxayın olaraq seçkiqabağı təxribat hazırlayır. Ermənistan cəmiyyətində və müxalifət dairələrində 44 günlük müharibədəki məğlubiyyətə görə Paşinyanı günahlandıranlar var. Son zamanlarda isə müxalifət partiyaları aktivləşməkdə davam edir. Qarşıdan seçkilərin gəldiyini də nəzərə alsaq, Paşinyan bu təzyiqləri neytrallaşdırmaq və hakimiyyətini qorumaq üçün hərbi hiyləyə əl ataraq şərti sərhədlərdə müəyyən irəliləyişə nail olmağa çalışa bilər.

Zaur Memmedov pol
Zaur Məmmədov

Xalq müharibə təhlükəsi yarandıqda daha çox hökumətin ətrafında birləşir. Ermənistanın baş naziri bu mexanizmdən istifadə edərək, daxili siyasi rəqiblərini zəiflətməyə cəhd göstərə bilər. Eyni zamanda bəzi xarici ölkələrin daxildəki siyasi proseslərə müdaxiləsini zəiflətməyi qarşısına məqsəd qoyması da mümkün ehtimallardandır.

Hazırda bütün kommunikasiya yolları uğrunda mübarizənin və toqquşmaların getdiyi bir vaxtda Zəngəzurda da vəziyyəti müharibə həddinə çatdırmaq istəyən qlobal və regional qüvvələr arasında mübarizə şiddətlənməkdədir”.


MANŞET XƏBƏRLƏRİ