Xəbər verdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib. Belə ki, Azərbaycan vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində ordumuza məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparıb.
O, görüntüləri martın 15-də özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bundan sonra, həmin videoya sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilib və həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş olunub. Sosial şəbəkələrdə oxşar davranışlar mütəmadi olaraq görülür. Qanunla qadağan edilməsinə baxmayaraq, bəzi vətəndaşlar buna məhəl qoymur.
“TikTok”da orduya aid videomaterialı yayan şəxsləri hansı cəzalar gözləyir?
Globalinfo.az-a danışan vəkil Turan Abdullazadə Cinayət Məcəlləsinə istinad edib:
Turan Abdullazadə
“284-2.1-ci maddəyə əsasən, ordunun şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 284-2.2-ci maddəyə görə, eyni əməllər ağır nəticələrə səbəb olduqda – beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur”.
Vəkil qeyd edib ki, sözügedən maddənin qüvvəsi ordunun şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına şamil edilmir.