Kurks vilayətində döyüşən Ukrayna hərbçiləri geri çəkilmə zamanı yaşadıqları dəhşətli mənzərələrdən danışıblar.
Turkustan.az-ın məlumatına görə, BBC ilə həmsöhbət olan əsgərlər bu prosesi “dəhşət filmi səhnələrinə” bənzədiblər.
Onların sözlərinə görə, Ukrayna ordusunun geri çəkilməsi ağır itkilərlə müşayiət olunub, texnika məhv edilib və Rusiya pilotsuz uçuş aparatları (PUA) fasiləsiz hücumlar həyata keçirib.
Martın 9-da Ukraynalı hərbçi Vladimir bildirib ki, Sudja şəhərində xaos və panika hökm sürür. “Hərbi kolonlar və texnika çıxmağa çalışır. Rus dronları isə onları yol boyu məhv edir”, – o bildirib.
Martın 11-də Maksim qeyd edib ki, Ukrayna komandanlığı geri çəkilmə əmri versə də, Rusiya böyük qüvvə, o cümlədən Şimali Koreyadan gətirilən hərbçilərlə şəhərə hücum edib. “Rusiyanın bu bölgəyə 70 minə yaxın əsgər yerləşdirdiyi təxmin edilir”, – o əlavə edib.
Hərbçi Anton isə bildirib ki, təchizat yolları kəsildiyi üçün logistika tamamilə çöküb. “Silah, sursat, ərzaq və su çatdırmaq mümkün deyil”, – o vurğulayıb. O, Sudjanı piyada tərk etdiyini, dronların daim havada olduğunu və bir neçə dəfə ölümdən dönməli olduqlarını bildirib.
Dmitri isə geri çəkilməni belə təsvir edib: “Yollar məhv edilmiş maşınlar və cəsədlərlə doludur. Minlərlə yaralı və ölən var.” O əlavə edib ki, bəzi əsgərlər 15-20 km məsafəni piyada qət etməyə məcbur olub: "Kursk vilayətində hər şey bitdi... Əməliyyat uğurlu alınmadı”.
Onun hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin avqustunda sərhədi keçdikdən sonra Kursk vilayətində minlərlə ukraynalı əsgər həlak olub.
Lakin hərbçi Artem hesab edir ki, Ukrayna ordusu Sudja ətrafında şiddətli müqavimət göstərib və Sumı vilayətinə keçidin qarşısını almaq üçün bufer zona yaradıb.
Son məlumatlara görə, Ukrayna ordusu Kurks bölgəsindən tamamilə çıxıb və əməliyyat başa çatıb. /modern.az/