ABŞ Prezidenti Donald Tramp martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir. Tramp bu barədə Ağ evdə təşkil olunan mətbuat konfransında deyib.
Çox güman ki, Tramp artıq bu dəfə Putindən atəşkəslə bağlı "hə" cavabı eşitməyi planlaşdırır. Putin isə vəziyyəti uzatdıqca-uzadır ki, bir az da vaxt qazansın, Ukrayna ərazisində bacardığı qədər irəliləyə bilsin. Bəs əgər danışıqlar ABŞ-ın istədiyi kimi keçməzsə, Trampın artıq səbr kasası daşa bilər? Turkustan.az olaraq bu sualımızı siyasi şərhçi Samir Hümbətova ünvanladıq. Ekspert bildirdi ki, Rusiya tərəfi də artıq danışıqlara hazırlaşır.
Bəli, danışıqlar barədə artıq məlumat verildi. Rusiya tərəfi bəyan etdi ki, biz məsələləri ölkə daxilində həll edirik. Görünən odur ki, Rusiya vaxtı uzatmaqla müəyyən qədər əraziləri ələ keçirmək və danışıqlar masasında güclü tərəf olmağa çalışır. Amma Tramp da bu məsələdə olduqca israr edir. Tram istəyir ki, tezliklə müharibəni dayandırsın və digər məsələləri danışıqlar masasında müzakirə etsin. Rusiya tərəfi iddia edir ki, əgər bu müvəqqəti atəşkəsdirsə, bu müddət ərzində Ukrayna daha da güclənəcək, müharibəni dayandırmağın bir mənası yoxddur. Ukrayna da əslində eyni düşüncədədir, ona görə də müharibənin tamamilə dayandırılmasının tərəfdarıdır. Zelenski sülh danışıqları üçün bir komanda formalaşdırıb. Amma bu kifayət deyil, gərək Rusiya müəyyən addımlar atsın ki, bu danışıqlar baş tutsun. Tramp məsələni sabaha saxlayıb ki, aydınlaşdırsın. Əgər Putin atəşkəsə razılıq versə, çox güman ki, atəşkəs baş tutacaq, ancaq bu nə qədər uzunmüddətli olacaq onu zaman göstərəcək. Düşünürəm ki, atəşkəs baş tutacaq, pərdə arxasında Tramp-Putin bazarlığı da danılmaz faktdır. Güman ki, 2 ölkə öz aralarındakı digər məsələləri də müzakirə edəcəklər. Əgər şərtlərdə müəyyən dəyişikliklər olarsa və ya, yeni şərtlər əlavə olunarsa, bu Trampı qəzəbləndirə bilər və Rusiyaya qarşı yeni sanskiyalar tətbiq edə bilər. Rusiya da bu vəziyyətdən minimum itki ilə çıxmağa çalışacaq.
Aytən Yaşar/ Turkustan.az