Ermənistan həddi aşdı: Silahlar işə düşür – Yaxın günlərdə nə baş verəcək?


Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub. Bunun ardınca, Avropa İttifaqının (Aİ) bu ölkədəki müşahidə missiyasının üzvləri sərhədə göndərilib. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı haqda ən ali səviyyələrdə bəyanatlar verildiyi günlərdə ermənilərin atəşkəsi pozması müəyyən anlaşılmazlıqlar yaradır.

Bu təzad necə dəyərləndirilir?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına dair rəsmi açıqlamalar verilmişdi:

“Ermənistan parlamentində müqavilənin müddəaları müzakirəyə çıxarılmışdı. Ermənistan müxalifəti müqavilənin ölkənin maraqlarına xidmət etmədiyini dilə gətirdilər. Ümumiyyətlə, sülh sazişinin müddəalarının ictimai müzakirəyə çıxarılmasında fayda var. Misal üçün, Ermənistan tərəfi bəyan edir ki, dəhlizlə və SSRİ dövründə köçürülmüşlərin geri qaytarılması ilə bağlı sazişdə müddəa yoxdur. O zaman sual yaranır, Qarabağdan köçənlərlə bağlı müddəa var? Ermənistan işğal siyasətinə görə üzr istəyib, təzminatı ödəməyi öz üzərinə götürür?

Hesab edirəm ki, indiki mərhələdə müqavilənin imzalanacağı gözlənilmir. Rəsmi qurumlar şərtləri razılaşdıra bilər, ancaq parlementdə, xüsusilə Ermənistan parlamentində o müqavilənin ratifikasiya ediləcəyi inandırıcı gəlmir. Ümumiyyətlə, münaqişə dövründə və ondan sonrakı zamanlarda sülh müqaviləsi ilə bağlı rəsmi açıqlamalar verildikdə, pozitiv mesajlar səsləndirildikdən dərhal sonra atəşkəsin pozulması, təxribatların yaşanmasını müşahidə edirik. Ona görə də, baş verənlər təəccüblü gəlməməlidir.

WhatsApp Image 2024 05 31 at 00.57.33

Səxavət Məmməd

Etiraf etmək lazımdır ki, bu regionda sülh müqaviləsinin bağlanması, yaxud toqquşma region dövlətlərindən daha çox regionda təsir gücü , yaxud maraqları olan dövlətlərdən asılı olur”.

Hərbi ekspertin sözlərinə görə, regionda maraqları olan dövlətlər qonşular İran, Rusiya və Türkiyə, kənar güclər isə ABŞ, Fransa, Böyük Britaniya, Çindir:

“Əgər bu maraqlı dövlətlər arasında uzlaşma əldə olunmazsa, sülh müqaviləsinin imzalanması baş tutmayacaq. Bir gün sülh müqaviləsinin imzalanacağını görəcəyiksə, o zaman anlaşılacaq ki, regionda maraqların uzlaşması baş verib. Dünyadakı münaqişə ocaqlarının sönmədiyi bir zamanda Cənubi Qafqazda sülhün əldə ediləcəyi bir qədər inandırıcı görünmür. Ermənistanın silahlandırılması, hərbi xərcləri iki dəfə artırması, eləcə də Azərbaycanın hərbi xərcləri rekord həddə çatdırması və silahlar alması əslində regionun sülhdən daha çox müharibəyə yaxın olduğunu göstərir. Böyük müharibənin olacağı inandırıcı deyil. Böyük müharibə bu regionu iflic edə bilər. Ancaq qısa müddətli toqquşmalar baş verərsə, buna təəccüblənməməliyik. Düşünürəm ki, xüsusilə nöbəti ayın ortalarından başlayaraq regionda hərəkətlilik bir qədər də arta bilər”.


MANŞET XƏBƏRLƏRİ