“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin nə vaxt, harada imzalanacağı haqda proqnoz vermək çətindir, çünki 17 maddədən əlavə həllini tapmayan məsələlər var. Ermənistan həmin tələbləri yerinə yetirməlidir”.
Bu sözləri Globalinfo.az-a politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, Ermənistan konstitusiyasından ərazi iddiaları ilə bağlı müddəaların çıxarılması bu tələblərdən biridir:
“İrəvan dəyişikliklə bağlı anons verir, lakin nə qədər səmimi olduğunu demək çətindir. Unutmamalıyıq ki, 30 illik işğal tarixi, Nikol Paşinyanın sələflərinin mövqeyinə uyğun addımlar atdığı dönəmlər də olub. O baxımdan sülh sazişi mətnində olan 17 maddənin razılaşdırılması hələ məsələlərin tam yekunlaşması mənasına gəlmir.
Digər tərəfdən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra tam həllini tapmayan – sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması – məsələlər ətrafında danışıqlar davam etdirilə bilər. Bunlar uzunmüddətli müzakirə tələb edir”.
Siyasi şərhçi sülh sazişi üçün real platformanın hansı olduğuna dair sualımıza isə belə cavab verib:
“Üçüncü tərəfin iştirakı olmadan sülh müqaviləsinin imzalanması daha uğurlu addım olar. Sülh müqaviləsinin imzalanması üçün hər hansı bir ölkə seçilərsə, onlar prosesə müdaxilə etməməlidirlər. Türkiyə və Gürcüstan bunun üçün daha real variantlardır. Gürcüstan Azərbaycan və Ermənistan münasibətlərinə müdaxilə, yaxud da öz maraqlarını təmin etmək niyyətində deyil. Gürcüstan daha çox regionda sülhün olmasını istəyir. Türkiyə də neytrallığın qorunmasında maraqlıdır. Qazaxıstan da belə ölkələrdən biridir. Onların sülh müqaviləsində platforma rolunda olması məqsədəuyğun olardı”.
A.Nərimanlı qeyd edib ki, sülh müqaviləsinin Rusiyada imzalanması ehtimalı azdır:
“Çünki Rusiya Azərbaycan-Ermənistan məsələsindən öz maraqlarını təmin etmək məqsədilə istifadə edib. Digər tərəfdən, sülh müqaviləsi Rusiya ərazisində imzalanacağı halda digər oyunçular bölgəyə müdaxilə edə bilər. Yəni ABŞ və Avropa İttifaqı prosesdə aktiv şəkildə iştirak edəcək. Praktikada belə təcrübələr çox olub”.