“Ruben Vardanyan həbsxanadan ailə üzvləri ilə telefonla əlaqəsi saxladıqda erməni cəmiyyətinə və beynəlxalq aləmə ünvanlanan bəyanatlar göndərir. Erməni saytları Vardanyanın həyat yoldaşı ilə son danışığından sonra onun xatirəsini yayıb”.
Turkustan.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Vardanyan səs yazısında 39 il əvvəl – SSRİ dövründə hərbi xidmətə çağrıldığını və xidmət üçün Bakıya göndərildiyini bildirib:
“Bu zaman guya zabitlərdən biri ona yaxınlaşıb 300 rubl qarşılığında Vardanyanı xidmət üçün Ermənistana göndərəcəyini vəd edib. Vardanyan zabitə bildirib ki, bu qədər pulu yoxdur. Rubenin sözlərinə görə, guya sonda əsgər yoldaşlarının köməyi ilə 50 manata Bakıdan Ermənistana köçürülüb. Vardanyan həyat yoldaşına danışdığı xatirəsində 39 il əvvəl ona pul verən əsgər yoldaşlarına minnətdar olduğunu vurğulayıb. Vardanyan illər sonra guya qazandığı pulları xeyriyyə işlərinə xərclədiyini bildirib. Həmin “xeyriyyə işləri” içərisində erməni separatçılarını silahla təhcizat etməsi barədə heç nə yoxdur”.
E.Şahinoğlu bildirib ki, Vardanyanın bu səs yazılarının yayılmasında məkrli niyyət var:
“Bu bəyanatlar və xatirələr həcmcə böyük olduğundan böyük ehtimalla Vardanyan fikirlərinin ailə üzvlərinin telefonlarının yaddaşında saxlanılmasını və daha sonra mediaya ötürülməsini istəyir. Vardanyanın həyat yoldaşı və oğlu onun müraciətlərini geniş auditoriyaya yaymaqla məşğuldurlar. Maraqlıdır ki, Vardanyandan başqa məhkəməsi davam edən digər separatçıların bəyanatları erməni saytlarında yayımlanmır. Özünü separatçı dostlarından fərqləndirmək istəyən Vardanyanın məqsədi aydındır.
O bu yolla özündən Nelson Mandela “düzəltmək” istəyir. Ancaq Nelson Mandela Cənubi Afrika Respublikasının həbsxanasında daha ağır şərtlər altında saxlanılırdı və ailə üzvlərinə bəyanatlar və uzun mətnlər göndərə bilmirdi”./Globalinfo.az