Sülh mətninin son iki bəndini razılaşdırmışıq - Ermənistan da TƏSDİQLƏDİ


Ermənistan sülh sazişində iki bəndin razılaşdırıldığını təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum Azərbaycanın sülh müqaviləsinin mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatını təsdiqləyib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanla sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb.

"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik", - o bildirib.

Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun: "Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupunun da ləğv olunması vacib amildir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsi preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə razılaşdırılmışdı.

Razılaşdırılmayan iki maddə beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtina və üçüncü dövlətlərin qoşunlarının sərhəddən çıxarılması ilə bağlı idi.

Azərbaycan dəfələrlə erməni tərəfinin daha iki şərti də həyata keçirməli olduğuni xatırladıb

Birincisi, Ermənistan Konstitusiyasını dəyişməlidir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunub.

İkinci şərt ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Rəsmi Bakı bəyan edib ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda onun qalmağına daha ehtiyac yoxdur./modern.az


MANŞET XƏBƏRLƏRİ