AMEA-da Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan elmi sessiya keçirilib
Martın 11-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, pedaqoq, ictimai xadim, ədəbiyyatşünas-alim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilən “Ədəbiyyatımızın Bəxtiyarı” adlı elmi sessiya keçirilib.
Turkustan.az xəbər verir ki, əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.
Elmi sessiyanı AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq Bəxtiyar Vahabzadənin bədii fikrimizin zənginləşməsində mühüm rol oynadığını bildirib. O, elmi sessiyanın Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamının işığında ölkə üzrə şairin yubileyinə həsr olunan ilk tədbir kimi böyük əhəmiyyət daşıdığını vurğulayıb.
AMEA rəhbəri dövlətimizin başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil olunan tədbirdə Bəxtiyar Vahabzadənin yaradıcılığını müstəqillik, azərbaycançılıq ideologiyası və istiqlal düşüncəsi nöqteyi-nəzərindən daha dərindən tədqiq etməyin vacibliyini vurğulayıb: “Bu gün biz böyük şairimizin irsini müasir reallıqlar, qazandığımız qələbə və müstəqil dövlətimizin siyasi-ideoloji düşüncəsinin müşayiəti ilə qeyd edirik”.
O, Bəxtiyar Vahabzadənin ideyaları əsasında yeni cəmiyyətin tərbiyə edilməsi, xüsusilə gənc nəslin formalaşmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, şairin yubileyinin yüksək səviyyədə təşkili müstəqillik ideallarının yeni nəsillərin düşüncəsində daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm vasitə ola bilər.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Bəxtiyar Vahabzadə istiqlal ədəbiyyatımızın bayraqdarı, Azərbaycan istiqlal hərəkatının görkəmli nümayəndəsidir. O, görkəmli şairin ölkəmizin ən ali mükafatlarından olan “İstiqlal” ordenini ilk dəfə alan 3 nəfərdən biri olduğunu diqqətə çatdırıb.
AMEA rəhbəri bildirib ki, qüdrətli şair daim milli azadlıq eşqi ilə yaşayıb, XX əsrdə ana dilimiz haqqında ən cəsarətli şeiri yazıb. Böyük sənətkar müasir Azərbaycan poeziyasında bir tendensiya xarakteri daşıyan fəlsəfi lirikanın gözəl nümunələrini yaradıb.
Akademik İsa Həbibbəyli şairin poetik dünyasının milli çalarlarından danışıb, ədibin fəal vətəndaşlıq mövqeyi ilə fikirlərini cəsarətlə qələmə aldığını bildirib. Vurğulayıb ki, Bəxtiyar Vahabzadə milli azadlıq hərəkatında ən fəal ziyalılardan, azadlıq mücahidlərindən olub. Şairin poeziyası milli istiqlal, azadlıq uğrunda savaş müstəvisində istiqlal, azadlıq, haqq-ədalət, mübarizə yoluna, yolçuluğuna yönələn poeziyadır.
Bəxtiyar Vahabzadənin alim kimi Azərbaycan elmi qarşısında xidmətlərindən də bəhs edən AMEA prezidenti onun Səməd Vurğunun yaradıcılığını dərindən araşdırdığını, böyük Azərbaycan şairinə həsr edilmiş ilk fundamental tədqiqat əsərinin müəllifi olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda akademik İsa Həbibbəyli şairin Azərbaycan və Türk dünyası üçün böyük söz adamı olduğunu, əsərlərinin sevilərək oxunduğunu söyləyib. O, görkəmli sənətkarın 100 illik yubileyi ilə bağlı AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində silsilə tədbirlər keçiriləcəyini, yeni nəşrlərin hazırlanacağını bildirib.
Sonra çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev görkəmli şair Bəxtiyar Vahabzadənin Azərbaycanın və dünyanın ən qüdrətli şairləri sırasında layiqli yer tutduğunu bildirib. Bəxtiyar Vahabzadənin şəxsiyyəti barədə düşüncələrini, onunla bağlı xatirələrini bölüşən Cavanşir Feyziyev ədibin Azərbaycanla yanaşı, Türk dünyasının da dərdlərini daim özünəməxsus istedad və cəsarətlə qələmə aldığını deyib.
Daha sonra şairin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.
Elmi sessiyada filologiya elmləri doktorları Vaqif Yusifli “Poeziyamızın Bəxtiyarı”, Elnarə Akimova “Bəxtiyar Vahabzadənin poetik məni”, Əlizadə Əsgərli “Bəxtiyar Vahabzadə yaradıcılığında insan konsepsiyası” və Esmira Fuad “Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili mövzusu” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Bəxtiyar Vahabzadənin elmi və bədii yaradıcılığından, ictimai fəaliyyətindən geniş bəhs olunub. Bildirilib ki, sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib.