Putindən Azərbaycanla bağlı gözlənilməz qərar – “Təyyarə qəzasından öncə…”


Rusiya Prezidenti Vladimir Putinin Moskva və Bakı arasındakı mövcud gərginlik fonunda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etməsi diqqət çəkib. Parlamentin sədrinin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə ali mükafata layiq görüldüyü bildirilib.

Ötən il dekabrın 25-də AZAL-ın təyyarəsinin Rusiyaya məxsus “Pantsir-S1” raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra Kremlin məsuliyyətdən yayınma cəhdləri birmənalı qarşılanmadı. Bakı hadisəyə görə üzr istənilməsini, günahkarların cəzalanmasını və təzminat ödənilməsini tələb etdi. Rusiya prezidenti daha sonra Azərbaycan Prezidenti İlham Əliyevdən üzrxahlıq etsə də, digər iki şərtin icrası ilə bağlı hər hansı addım atılmadı.

Bir neçə gün öncə Rusiyanın “AlfaSığorta” şirkətinin qəzaya görə sığorta kompensasiyasını tam ödədiyi açıqlandı. Məhz bundan sonra Azərbaycan Milli Məclisinin sədrinin təltif edilməsi Moskvanın Bakı ilə gərginliyi aradan qaldırma təşəbbüsü kimi qiymətləndirilir.

Bütün qeyd olunan təşəbbüslər Bakının tələblərinə nə dərəcədə cavab verir? Rusiyanı bu addımları atmağa nə vadar edir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya ilə Azərbaycan arasında gərginlik əvvəlki günlərlə müqayisədə səngiyib:

“Lakin proses birmənalı olaraq başa çatmayıb və böyük ehtimal qısa zamanda da bitməyəcək. Hər şeydən öncə, Azərbaycanın cavabsız qalan sualları var. Rusiya problemi həll edib qaranlıq məsələlərə aydınlıq gətirmək əvəzinə, hadisəni ört-basdır edərək toz misalı xalça altına salmaq istəyir. Bu isə qəbuledilməzdir.

1671105283 qabil huseynli
Qabil Hüseynli

Hazırda siyasi münasibətlərdə gərginlik, daha doğrusu, soyuqluq davam edir. Sahibə Qafarovanın ali mükafata layiq görülməsi qəzaya görə yaranan gərginlik öncəsi xidmətlər ilə bağlıdır. Ümumiyyətlə, iqtisadi sahələrdə əlaqələr davam edir. Təcrübə göstərir ki, Rusiya-Azərbaycan münasibətlərində hər hansı gərginlik olsa da, bu, iqtisadi əlaqələrə heç bir təsir göstərmir.

Fikrimcə, son baş verənlər Moskvaya etimadı əsaslı surətdə sarsıdıb. Bu etimad isə qısa zamanda bərpa edilə bilməz. Rusiya Bakının təyyarə qəzası ilə bağlı tələblərini yerinə yetirməlidir”.


MANŞET XƏBƏRLƏRİ