Bakıvaxtı.az-ın “Düzünə qalsa” rubrikasının budəfəki qonağı keçmiş xarici işlər naziri Elmar Məmmədyarovdur.
Onunla müsahibəni təqdim edirik.
- Tramp-Zelenski görüşündə Ağ Evin sahibi ölkəsinin Ukraynaya yardımı dayandıracağını bildirdi. Sizcə, yardım dayanarsa, Ukraynanı hansı aqibət gözləyir, bu, Zelenskinin sülhə məcbur edilməsi kimi şərh oluna bilərmi? Avropanın mövqeyi necə olacaq?
- Çox şey ABŞ və Rusiya arasındakı danışqlardan asılıdır. Ukryanaydan başqa bir məsələ də var. ABŞ və Rusiya yeni dünya nizamı yaratmaq istəyirlər. Necə ki, 1945-ci ildə Ruzvelt, Çörçil, Stalin Yaltada görüşüb bütün dünyanı bölüşdülər, indi də rəsmi Vaşinqton və rəsmi Moskva bu istiqamətdə danışıqlar aparacaq. Bundan somra Ukraynanın taleyi məlum olacaq. Razılaşma əldə olunsa da, Rusiya Ukrayna torpaqlarından qoşunlarını çıxmayacaq. Artıq ABŞ bunu bilir. ABŞ və Rusiya Ukraynaya təzyiq göstərəcəklər ki, Ukrayna da razılığa gəlsin, amma buna inanmıram. Çünki burada Avropa faktoru da var.
- Avropa necə davranacaq, onun mövqeyi necə olacaq?
- Avropa Amerikasız çətin ki, böyük addımlar atsın, çünki Avropanın ABŞ-dən təhlükəsizlik baxımından asılılığı çoxdur. Ona görə də danışıqların nəticəsini gözləmək lazımdır. Ondan sonra dərin şərhlər verə bilərik.
- Müəyyən yanaşmalar var ki, Rusiya Ukraynadan “əli” güclü çıxarsa, hədəfi Azərbaycan ola bilər. Düzdür, ortada Moskva sazişi var, amma Rusiya imzasına hörmət etməyən ölkə kimi tanınır. Sizcə, doğru yanaşmadirmı?
- Təki bu, dorğu fikir olmasın. Rusiyaya məxsus Qroznı hava məkanında Azərbaycanın sərnişin təyyarəsinin vurulması Azərbaycan-Rusiya münasibətlərində soyuqluq yaratdı. Amma inanıram ki, istintaq başa çatdıqdan, məhkəmə qərar çıxardıqdan sonra Rusiya tam şəkildə kompensasiya ödəyəcək. Burada imic məsələsi var. Rusiya istintaqın cavabını gözləyir, ondan sonra məhkəməyə müraciət ediləcək. Qəzanın törədilməsinə göstəriş verənlər, onu icra edənlər mütləq cəzalanmalıdırlar. Mən belə görürəm.
- Təyyarə olayından sonra, Azərbaycandakı “Rus evi” və “Sputnik” informasiya agentliyi bağlandı. Buna münasibətiniz necədi, doğrudanmı ora Rusiya agentura şəbəkəsinin “yuvası” olub?
- Agentura harada istəsə fəaliyyət göstərə bilər. Bunun üçün Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti fəaliyyət göstərir. Agentura şəbəkəsinin açılması onların işidir. Bu orqanların xidməti nəticəsində zaman-zaman İran casusları da üzə çıxır. Bu mənada düşünürəm ki, agentura şəbəkəsi varsa, ona qarşı fəaliyyət də var. Amma düşünürəm ki, “Sputniki” ona görə bağladılar ki, Azərbaycanın Rusiyada bir müxbiri var, “Sputnik”in də yalnız bir müxbiri qalsın. Bu paritet məsələsidir. Rusiyada “Azərbaycan evi” yoxdursa, niyə Azərbaycanda da “Rus evi” olmalıdır. Məsələyə paritet müstəvisində yanaşıldı.
- Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin bağlanması təklifləri irəli sürülür. Sizcə, bu, reallaşacaqmı?
- İnanmıram ki, rus dilini məcburi şəkildə qadağan etmək mümkün olsun, çünki oxuyan uşaq oxuyacaq, oxumayan uşağı “Harvard”a da göndərsən, oxumayacaq. Mən onun tərəfdarıyam ki, insanlar biliyin inkişaf etdirilməsi üçün rus dili ilə yanaşı, ingilis, fransız və başqa dilləri də öyrənsinlər. Bu, cəmiyyətin, ölkənin inkişafı üçün lazımdır. Dil bilgisi savadın yüksəlməsinə təkan verir. İndi internetdə hər şey yerləşdirilir. Biri var, yalnız Azərbaycan dilində məlumat alasan, biri də var, Azərbaycan, rus, ingilis və fransız dilində. Xarici dillərdə məlumat almaq insanın dünya görüşü və məsələlərə beynəlxalq standartlara müvafiq yanaşma tərzini zənginləşdirir. İnsanın məlumat alma imkanı nə qədər çox olursa, o şəxs bir o qədər savadlı və dünya görüşlü olur.
- “Rus evi” və “Sputnikin” fəaliyyətinin dondurulmasından sonra siyahı açıqlandı. O siyahıda Azərbaycanda “Rusiyanın adamı” kimi tanınanların, Rusiyaya “xidmət göstərən” keçmiş məmurların adları açıqlandı. Həmin siyahıda sizin də adınız yer almışdı. Buna aydınlıq gətirərdiniz...
- Bu, sifariş olunmuş bir məlumat idi, o sifarişi edəni də tanıyıram. Beş ildir, vəzifədə deyiləm, yenə də adım hallanır. Deməli, kiminsə sancısı var ki, durub, belə sifariş verir. Həmin adam indi də vəzifədədir. Mən vəzifədə olanda da münasibətlərimiz yaxşı deyildi. Onun adını çəkib, reklam etmək istəmirəm.
- Azərbaycan-Turkiyə liderləri görüşdülər, Naxçıvan-İğdır qaz xətti işə salındı. Bu, bəzi ölkərə mesaj xarakteri daşıya bilərmi?
- Naxçıvan-İğdır qaz kəmərinin açılması Azərbaycanla Türkiyə arasında daha sıx əlaqələrin qurulmasından xəbər verir. Mən hələ xarici işlır naziri olarkən, qaz borusundan başqa İğdırdan Sədərəyə dəmir yolu xətti çəkmək istəyirdik. Tam əminəm ki, Zəngəzur dəhlizi açılacaq. Buna şübhəm yoxdur. İran ərazisindən keçən Araz dəhlizi var. Bu dəhliz Naxçıvanla birləşəcək. Ondan sonra Naxçıvan tam şəkildə Türkiyəyə çıxacaq.