Azərbaycanda kartofu kimlər BAHALAŞDIRIB...


Son vaxtlar ticarət şəbəkələrində kartofun sürətlə bahalaşdığı müşahidə olunur. Hazırda bazarda bu məhsulun 1 kq-ı 1 manat – 2 manat arasında dəyişir. Bəs kartofun qiyməti niyə qalxır, səbəb nələrdir?

Turkustan.az-ın məlumatına görə, iqtisadçı jurnalist Razi Abasbəyli bildirib ki, əslində bu mövsümdə kartofun bahalaşması normaldır.

“Çünki daxili stoklar tükənib. Əsasən idxaldan asılı olduğumuza görə qiymətlər bahalaşa bilər. Amma idxalla bağlı problem varmı? Yoxdur. Nə İrandan, nə Gürcüstandan, nə də Rusiya və Belarusdan kartof idxalı ilə bağlı problem yvar. Əsas idxalçı ölkələrdə də qiymətlər bahalaşmayıb. O zaman qiymətlər niyə qalxıb?”.

R.Abasbəyli suala bir məqama diqqət çəkməklə cavab verib:

“Bazar uğrunda 2 aydır dava gedir. Məsələn, martın 1-də Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24 500 kq ərzaqlıq kartof yararsız elan olunaraq məhv edildi. Ondan qabaq da fevralın 11-də İrandan Azərbaycana gətirilən 47 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlandı və məhv edildi. Yəni Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müsbət rəy verib sərhəddən buraxır. Sonra daxili bazarda dava başlayır. Bazarı "təmizləyib" qiyməti qaldırırlar. Yaxşı da pul qazanırlar "qaliblər".

Jurnalist deyir ki, qiymət bazarda süni qıtlıq yaradılandan, tonlarla kartofu yararsızdır deyib məhv etdikdən sonra yüksəlir.

“Hazırkı bahalaşma normal deyil, çünki idxalçılar qiyməti artırmayıb, gömrük rüsumları artmayıb, logistik problemlər yoxdur. İdxalda təchizat zənciri pozulmayıb. Daxili bazarda hansısa fors-major yoxdur, yəni istehlak sabitdir, amma bahalaşma baş verib”. /modern.az/


MANŞET XƏBƏRLƏRİ