Ermənistan tərəfi Zəngəzur dəhlizinin hansısa beynəlxalq korporasiyanın nəzarətində açılmasını gündəmə gətirir. Dünyada bununla bağlı presedentlər var. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də vaxtilə Abxaziyadan keçən dəmir yoluna nəzarət etmək üçün İsveçrənin bir şirkəti ilə müqavilə bağlamaq istəyirdi. Sonradan bu məsələ alınmadı.
Bu sözləri Teleqraf-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov Zəngəzur dəhlizi ilə bağlı mövzunu şərh edərkən deyib.
“Əslində Nikol Paşinyanın indiki ritorikası anlaşılan deyil. O, Ermənistanın suverenliyindən danışa-danışa ərazilərin hansısa beynəlxalq korporasiyanin idarəçiliyinə verilməsini gündəmə gətirir. Bu məntiqi başa düşmək olmur”, - o qeyd edib.
Sabiq nazir bildirib ki, Ermənistanın dəmir yolu şəbəkəsi Rusiyaya məxsusdur: “Ona görə də Moskvanın bu məsələyə normal yanaşacağı gözlənilmir. Yaxşı olardı ki, Ermənistan Azərbaycanla sülh məsələsində konkret addım atsın. Paşinyan hər şeydən danışır, amma ortada heç nə yoxdur. Əgər söhbət Zəngəzurdan keçəcək dəmir yolu şəbəkəsindən gedirsə, ən azından indi onun tikintisinə başlamaq lazımdır”.
“Avropa İttifaqı və Rusiya Mehridən keçən dəmir yolunun tikintisi ilə bağlı dəstək verməyə hazır olduğunu bildirmişdi. Amma İrəvan gözləmə mövqeyini seçdi. Sadəcə olaraq bəyanatlar səsləndirirlər. İndi də Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələni gündəmə gətiriblər. Bir müddət də bu mövzu ətrafında danışıb vaxt uzadacaqlar”, - Elmar Məmmədyarov vurğulayıb.