Xankəndiyə səfər edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev şəhərdəki ab-havadan, görülən işlərdən danışıb.
O, Musavat.com-a açıqlamasında hisslərini belə ifadə edib:
"Xankəndini gördüm, deməyə söz tapmıram. Bu gün çox böyük qürur duyuram. Bəzən düşünürəm ki, biz doğrudan da Xankəndidəyik? Bu, ağlagəlməz məsələ idi."
Hafiz Hacıyev illər öncə Xankəndidə mer olmaq arzusunu dilə gətirdiyini xatırladıb:
"Bir neçə dəfə Xankəndidə mer olmaq istədiyimi demişdim. Amma artıq Xankəndiyə mer qoyulub, çox yaxşı da işləyir."
Siyasətçi sovet dövründə Kəlbəcərdə komsomol katibi işlədiyi illərdə Xankəndiyə tez-tez gəldiyini bildirib:
"Sovet dövründə Xankəndində olmuşam. O vaxtlar Kəlbəcərdə komsomol katibi işləyəndə həmişə Xankəndiyə gəlib, müşahidələr keçirirdim. Amma heç vaxt Xankəndini bu cür təsəvvür etməmişdim."
Hafiz Hacıyev Qarabağın azad olunmasında Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb:
"Prezident İlham Əliyev Azərbaycan tarixinə misilsiz imza atıb. Prezidentimiz bizə qürurumuzu geri qaytardı. Biz indi Qarabağın hər guşəsini qarış-qarış gəzirik, öz sözümüzü deyirik."