“Türkdilli ölkələrin milli musiqi alətləri” kitabı təqdim olundu - FOTOLAR


Martın 5-də Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq çərçivəsində nəşr etdirdiyi “Türkdilli ölkələrin milli musiqi alətləri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Türk dünyası incəsənətinə dəyərli bir töhfə olacaq bu kitabın təqdimat mərasimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş tutub. Kitabın təqdimatında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, incəsənət və mədəniyyət sahəsinin tanınmış simaları, KİV əməkdaşları iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti genişmiqyaslı layihəsi olan "Türkdilli ölkələrin milli musiqi alətləri" kitabı 6 türk ölkəsi alimlərinin, incəsənətşünaslarının və musiqiçilərinin birgə əməyinin nəticəsidir. Təqdim olunmuş nəşrdə çoxsaylı elmi mənbələrə əsasən türkdilli xalqlar arasında ən geniş yayılmış 100-dən çox ənənəvi musiqi aləti haqqında geniş informasiya verilir. Atlas musiqişünaslar, musiqiçilər, folklorçular, orqanoloqlar üçün nəzərdə tutulub.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov kitabın işıq üzü görməsini əsl mədəniyyət hadisəsi adlandırıb, üstəlik, həm də siyasət hadisəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından birində işlətdiyi “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk ailəsdir” sözləri zərb-məsələ çevrilib, bu kitab da ümumi türk ailəsinin formalaşmasına bir töhfədir.

R.Hüseynov qeyd etdi ki, kitaba hazırda mövcud olan 6 türk dövlətinin musiqi alətləri daxildir, amma haçansa Tatarıstan, Başqırdısatan, Tuva, Yakutiya kimi daha 20 potensial türk dövlətinin də musiqi alətləri daxil olmaqla daha böyük kitab hazırlanmalıdır.

Rafael Hüseynovun çıxışında xüsusi maraq kəsb edən bu sözlər oldu: “Mən elan edirəm, musiqi alətlərindən ən qədimi Azərbaycana aiddir, bu, Qobustandakı qaval daşıdır ki, 15-20 min il yaşı var”.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki, “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının hazırlanmasına 2023-cü ildə başlanılıb və keçən il Fondun tam dəstəyi ilə nəşr işıq üzü görüb. O, bu münasibətlə əməyi keçən hər kəsə, xüsusilə də Fondun birinci prezidenti və layihə rəhbəri, deputat Günay Əfəndiyevaya, Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyliyə təşəkkür edib.

Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxışını 2 il öncəki xatirələrlə başlayıb. O vaxt Fondla Akademiya arasında memorandum imzalanmışdı. Fərhad Bədəlbəyli ilə tərəfdaşlıqdan məmnunluq duyduğunu qeyd edən natiq ortaq türk mədəniyyətinin təməlində məhz musiqinin dayandığını vurğulayıb.

Daha sonra Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib ki, təqdim edilən kitabın Qərbdəki universitetlərin kitabxanalarında olması vacibdir.

Turkiyənin Osmaniye Qorkut Ata Universiteti Memarlıq, Dizayn və İncəsənət Fakultəsinin baş muəllimi, sənətşunaslıq uzrə fəlsəfə doktoru Meysər Kaya çıxışında bu projenin böyük əhəmiyyıtindən bəhs edib, kitabın strateji bir nəşr olduğunu, dünyaya bir türk mədəniyyəti abidəsi kimi təqdim ediləcəyindən qürurlandığını bildirib.

Tədbirin bədii hissəsində Türk musiqi dünyasının inciləri ifa olunub. Munis Şərifovun rəhbərlik etdiyi “Azərbaycan qədim musiqi alətləri ansamblı”nın təqdim etdiyi musiqi nömrələri, tanınmış opera müğənnisi, Əməkdar artist Ramil Qasımovun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Beynəlxalq müsabiqələr laureatı Nigar Cəfərovanın ifa etdiyi Fikrət Əmirovun “Azərbaycan elləri” mahnısı sürəkli alqışlarla qarşılanıb.

Təqdimat mərasimi azərbaycanlı və qazax musiqiçilərinin dombra, şankobız və jetıqen çalğı alətlərində “Aday” - döyüşkən qazax tayfası barədə olan kompozisiyanın ifası ilə başa çatıb.


MANŞET XƏBƏRLƏRİ