Deputat Razi Nurullayev: “Bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır.
Qadınlara stimul verən alimentdir. Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınlar ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram. Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın.”
Mən də bir jurnalist kimi, bir vətəndaş kimi öz fikirimi bildirmək istəyirəm. Əvvəla onu deyim ki, Razi müəllim, sizinlə razılaşmıram.
Müsahibənizdə dediniz ki, elə kişilər var ki, heç aliment də vermir, verə bilmir. Bəli, elələri var, çoxdur. Ya istəmir, aliment vermir, ya da imkanı yoxdur, maddi durumu yaxşı deyil, vermir. Deyir: "Pulum yoxdur, get məhkəməyə ver, verə bilmirəm aliment". Elə ailələr tanıyıram ki, boşanıblar, kişi aliment vermir, deyir: "Mənə nə sən maraqlısan, nə uşaq, get ya ikinci dəfə ailə qur, ya da atan sənə baxsın. Mənlik deyil, sizi tanımaq, eşitmək, görmək belə istəmirəm". Çoxları həqiqətən də məhkəməyə verirlər keçmiş həyat yoldaşlarını 235 manata görə.
Görünür, bu 235 manata həqiqətən də ehtiyacları var. Sizin üçün bəlkə o kiçik məbləğdir, amma bəziləri üçün isə bu, böyük məbləğdir.
Ata-ana övlad böyüdür, təhsil verir, oxudur, sonra toy edir, istəyir ki, övladı xoşbəxt olsun, nəvə görsünlər. İstəyirlər ki, övladları yaxşı adama qismət olsun. Amma çox vaxt onlar istədiyi kimi olmur. Həyatda bəzən bizdən asılı olmayan hadisələr baş verir. Məcbur olub ya oturub dözməlisən, ya da boşanmalısan.
Qadın əşya deyil ki, onunla ailə qurasan, bir az yaşayasan, ondan övladın dünyaya gəlsin, sonra əlində uşaq onu ata evinə qaytarasan, bir qəpik də vermədən. Axı belə olmaz. Kişinin vicdanı olmalıdır, "kişiliyi" olmalıdır, övladına necə lazımdır, baxmalıdır. Övladına əsl ata olmalıdır. 235 manata görə heç bir qadın ailəsini dağıtmaz.
Boşanmaların səbəbi çoxdur. İlk səbəb valideynlərin övladlarının işlərinə qarışmağıdır. İkinci səbəb sonsuzluqdur. Üçüncü səbəb alkoqol və narkotik asılılığıdır. Dördüncü səbəb xəyanət və qısqanclıqdır. Beşinci səbəb məişət zorakılığıdır. Nəhayət, son səbəb odur ki, insanlar özlərinə uyğun biri ilə ailə qurmurlar.
235 manatla uşaq böyütmək olar, Razi bəy? Ən yaxşı bağçalar 300-400 manatdır! Hər bir qadın xoşbəxt olmaq istəyir və ərə gedir ki, xoşbəxt ailəsi olsun. Yaxşı kişinin yanından xanımı qaçmaz! Qadınları xəyanət boşanmağa aparır.
Mən deyərdim ki, sərbəstlik ən çox kişilərdədir. Sərbəstliyi ən çox kişilər istəyir. Evə gec gələn, başqa yerlərə pul xərcləyən, nə istəyirsə onu edən, məhz kişilərdir. Qadının yükü kişilərdən daha çoxdur – ev işi, uşaqların tərbiyəsi. Sərbəstliyə vaxt qalır sizcə?
Ona görə bu məsələni bu qədər şişirtməyin. Hər şeydə qadınları günahlandırmayın. Heç kim yaxşı həyatdan boşanmır. Deməli, səbəb var ki, boşanırlar.
Leyla Turan