Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələlərini müzakirə etmək və HƏMAS-ın girov işi də daxil olmaqla, Moskva ilə koordinasiya etmək üçün hərbi katibi Roman Qofmanı Rusiyaya göndərib. Bu səfərin əslində başqa məqsəd daşıdığı ilə bağlı fərqli iddialar səsləndirilir.
Netanyahunun Türkiyənin Suriyadakı rolunu neytrallaşdırmaq üçün hərəkətə keçdiyi bildirilir.
Məlumata görə, Netanyahu Ankaranın Suriyadakı təsirini neytrallaşdırmaq üçün Rusiyanın Suriyadakı hərbi mövcudluğunu qoruyub saxlamasını istəyir.
Bu, Suriyada Türkiyəyə qarşı yeni ittifaq yaradıldığı deməkdir?
Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Ukrayna-Rusiya müharibəsinin üçüncü il dönümü ilə bağlı rəsmi Kiyev və Avropa İttifaqı (Aİ) ilə birgə BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim etdi:
“Burada Rusiyanın təcavüzü, işğalı pislənildi. Sənədin səsverməsində ilk dəfə olaraq ABŞ Rusiya ilə birgə qətnamənin əleyhinə səs verdi. İsrail də sənədin əleyhinə çıxanlardan idi. Çünki ABŞ-ın geosiyasi maraqları bunu tələb edirdi. İsrail hadisəni daha da irəli götürmək istəyir. Ortada ABŞ-Rusiya yaxınlaşması var. Bundan yararlanmaq istəyən İsrail ABŞ-la paralel Rusiyanın da Yaxın Şərqdəki geosiyasi maraqlarını yenidən bərpa etməklə Türkiyəni neytrallaşdırmaq istəyir.
Hesablamalar onu göstərir ki, Türkiyə müəyyən vaxtdan sonra Suriya ordusuna təlim keçmək, təhlükəsizliyi təmin etmək məqsədilə bir neçə hərbi baza yarada bilər. Hətta onlarla F-16 qırıcılarının Suriya hərbi aviabazasında yerləşdirilməsi də danışıqlar mövzusudur”.
Natiq Miri
Politoloqun fikrincə, İsraili narahat edən məsələlərdən biri də Türkiyənin inkişaf edən hərbi sənaye kompleksidir:
“İsraildə mövcud olmayan hipersonik raketlər Türkiyədə var. Bunun sınaqdan keçirilməsi prosesi davam edir. PUA-ların inkişafı və gücü baxımından Türkiyə dünya ölkələri içərisində 3-cü yerdədir. Bunu özünə potensial təhlükə sayan İsrail hərəkətə keçib. Çünki onun fərqli maraqları var. Dini xülya kimi ortaya atdığı “vəd olunmuş torpaqlar” iddiası, Suriyanın işğal olunmuş ərazilərindən İraqa qədər dəhliz yaratmaq, Türkiyə ilə qonşu olmaq planları mövcuddur. Bunu rəsmi Ankara da yaxşı bilir”.
Natiq Miri qeyd edir ki, regionda həssas geosiyasi vəziyyət yaranıb:
“Türkiyənin neytrallaşdırılmasının sadəcə ABŞ-la mümkün olmadığını anlayan İsrail Rusiyanı yenidən Suriyaya qaytarmaqla bu məsələni bazarlıq predimentinə çevirib. Lakin sırf ABŞ, İsrail istədi deyə qeyri-iradi olaraq Rusiyanın yenidən Tartus limanına yerləşəcəyini demək olmaz. Bunun üçün Suriyanın konkret ciddi tələbləri var. Türkiyə amili də burada xüsusi rola malikdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfərinin məqsədi də bu idi. Kreml anlayır ki, Türkiyənin razılığı olmadan yenidən Suriyada hərbi varlığı mümkün olmayacaq”.