Ermənistan Zəngəzuru “təmizlədi” – Sərhəddə böyük oyun başladı


Xəbər verdiyimiz kimi, artıq Ermənistan-Türkiyə sərhədinə Rusiya sərhədçiləri deyil, erməni əsgərləri nəzarət edəcək. Daha əvvəl rus kontingenti Ermənistan-İran sərhədindən çıxarılmışdı. Bu, Ermənistanın Azərbaycandan Zəngəzur hərbi müdaxilə gözləmədiyinin sübutu kimi dəyərləndirilib. Bildirilib ki, İrəvan belə risk gözləsəydi, Rusiya qoşunlarını ərazidən çıxarmazdı.

Doğrudanmı müharibə təhlükəsi aradan qalxıb? Yoxsa rusların çıxarılması daha böyük prosesin – Qərbin sərhədə yerləşdirilməsini başlanğıcıdır?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Rusiya ordusu, xüsusilə də rus sərhədçiləri Ermənistan ərazisində bir neçə istiqamətlərdə itirə-itirə gedirlər:

“Əvvəlcə hava limanını, sonra Azərbaycan və İran sərhədini itirdilər. İndi də məlum oldu ki, Türkiyə ilə sərhədə ermənilər nəzarət edəcəklər. Bu həm də Türkiyənin tələbi ola bilər. Hansısa danışıqlar fonunda bu məsələnin həllini tapması istisna edilmir. Amma reallıq odur ki, ruslar Ermənistan sərhədinin qorunmasında iştirakını yekunlaşdırmaq üzrədir. Ermənistanda yalnız hərbi bazaları qalır. Qərb ölkələri, xüsusilə də Fransa Ermənistan ərazisindən rus hərbi bazalarının çıxarılması ilə bağlı addımlar atmağa çalışacaq”.

Ekspert bildirib ki, Ermənistandan verilən açıqlamalar, səsləndirilən fikirlər dəyişkəndir:

“Bir gün bəyan edirlər ki, Azərbaycan Zəngəzur istiqamətində hücuma başlaya bilər, ardınca isə Paşinyan iki ölkə arasında müharibə ehtimalının olmadığından danışır. Reallıqda isə vəziyyət fərqlidir. Rəsmi İrəvan hərbi sahəyə ayırdığı maliyyəni iki dəfə artırıb. Azərbaycan da rekord həddə hərbi büdcə müəyyən edib. Ermənistanın silahlanması, Fransanın orduda əhəmiyyətinin artması, Azərbaycan-Ermənistan şərti sərhədi boyu Aİ mülki missiyasının yerləşdirilməsi və onların tez-tez müxtəlif istiqamətlərdə görünməsi onu deməyə əsas verir ki, rəsmi İrəvan müharibəyə hazırlıq görür”.

WhatsApp Image 2024 05 31 at 00.57.33

Səxavət Məmməd

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərindəki soyuqluq fonunda qondarma Qarabağ klanı Qarabağ və ətraf ərazilərin “geri qaytarılması” istiqamətində fikirlər səsləndirməyə başlayıblar:

“Ermənilər konkret olaraq yenidən torpaq iddiaları, müharibə çağırışları içərisindədirlər. Qondarma Qarabağ klanı hakimiyyətdə olmadığı üçün mühüm addımlar ata bilməsə də, onların yetərli sayda dəstəkçiləri var. Maliyyə gücləri də kifayət qədərdir. Ordu daxilində müəyyən kadrları mövcuddur.

Məlum olduğu kimi, Fransa Afrikada bütün mövqelərini itirdi. Bu regiondan keçəcək məlum layihələrdə rəsmi Paris özünü görmək istəyir. Ona görə də birbaşa Ermənistan üzərindən regiona təsir və təzyiq etməyə çalışır. Dividend əldə etmək istəyir. Rəsmi Bakı proseslərin fərqindədir. Fransa-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti, siyasi gərginliyin səbəbləri məhz bunlardır. İddialara görə, İran, Fransa, Qərb bu məsələdə ortaq mövqedədir. Bütün sadalananların fonunda belə qənaətə gəlmək olar ki, region müharibə təhlükəsindən sığortalanmayıb”.


MANŞET XƏBƏRLƏRİ