Son zamanlarda Ukrayna ilə ABŞ arasında yaşanan gərginlik fonunda Kiyevin Ankara ilə yaxın münasibətləri diqqət çəkir. Xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri, Prezident Rəcəb Tayyib Ərdoğanın və digər ölkə rəsmilərinin Kiyevə dəstək mesajları maraqla qarşılandı.
Nüfuzlu “Bloomberg” nəşrinin iddialarına görə, Türkiyə Ukraynaya sülhməramlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə müsbət münasibət göstərib. Nəşr yazır ki, rəsmi Ankara Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır.
Məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni Zelenski və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə müzakirə etdiyi bildirilir.
Ankara hansı amillərə əsaslanaraq bu qərara gələ bilər? Türk ordusunun Ukraynaya göndərilməsi mövcud proseslərə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır:
“Rəsmi Ankara Krım daxil olmaqla işğal edilən heç bir ərazini Rusiyanın olaraq görmür. Onu da deyim ki, ABŞ kimi bir ölkə belə Krımın geri qayıtmayacağını açıq şəkildə deyir. Türkiyə isə buna rəğmən mövqeyinən geri durmur. Hətta bu məsələdə mövqeyi Avropa İttifaqı ilə üst-üstə düşür. Belə ki, Almaniya və Fransa da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ankara bu günə qədər Qərbin bütün hərbi kampaniyalarında iştirak edib. Yəni Ukraynaya sülhməramlı kontingenti göndərməsi mümkündür.
Turab Rzayev
Politoloq bildirib ki, bütün baş verənlərə baxmayaraq Türkiyənin də öz maraqları var:
“Məsələn, Ankaranın Krım ilə bağlı mövqeyi həm də tatarların haqlarının Ukrayna tərəfindən daha yaxşı qorunması üçündür. Bundan başqa Türkiyənin Ukrayna ilə iqtisadi baxımdan da ciddi əlaqələri var. Ona görə də Ankara Kiyevə dəstəyini davam etdirəcək.
Düşünürəm ki, Türkiyə sülhməramlılarının Ukrayna-Rusiya sərhədinə göndərilməsi Moskva üçün də məqbul olar. Çünki məntiqlə baxıdqda, Rusiya sərhəddə Avropa İttifaqı ölkələrindənsə, Türkiyəni görmək istəyər”.