Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında yaşanan gərginlik dünyada böyük rezonans doğöurub. Avropa ölkələri bu hadisədən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək nümayiş etdirib.
Lakin ABŞ administrasiyasının artıq Zelenski ilə danışmamaq barədə qərarları müxtəlif spekulyasiyalara da səbəb olub. Belə ki, onun hakimiyyətdən götürülməsi üçün addımların atılması məsələsi gündəmə gələ bilər.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ağ Evdə baş verən dünənki qalmaqaldan sonra Zelenskinin öz ölkəsində reytinqinin yüksələcəyini bildirib:
"Ona beynəlxalq dəstək də çox oldu, hadisədən sonra Avropa liderləri ona dəstək paylaşımları etdilər. Azərbaycan sosial şəbəkəsini izləsək, görərik ki, insanlarımızın əksəriyyəti Zelenskinin haqlı olduğunu, öz ölkəsinin maraqlarından çıxış etdiklərini yazırdılar. Təsəvvür edin, indi Ukraynada vəziyyət nə yerdədir. Hətta o insanlar Zelenskiyə dəstək verəcək ki, bu hadisəyə qədər ona münasibətləri bir az mənfi olub. Amma indi Zelenskinin mövqeləri daha da güclənəcək".
Politoloqun fikrincə, başqa ölkənin Prezidentini aradan götürmək daha böyük qalmaqala və biabırçılığa səbəb ola bilər:
"Onu hakimiyyətdən yıxmaq indiki halda çətindir. Düzdür, Tramp və onun tərəfdarları artıq deyirlər ki, Zelenski ilə onların danışması mümkün deyil, o hakimiyyətdən getməli, yerinə başqası gəlməlidir. Zelenskinin hakimiyyətdən getməsi üçün də Prezident seçkiləri keçirilməlidir. İndiki halda hərbi vəziyyət var və bu mümkün deyil. Amma seçki keçirilsə belə, Zelenski qalib gələ də bilər. O məğlub olsa belə, digər namizəd də ABŞ-nin bu ağır və alçaldıcı şərtlərini qəbul etməyəcək. Məsələn, Ukraynanın Britaniyadakı səfiri, keçmiş komandan Valeri Zalujnının reytinqi yüksəkdir. O da Ağ Evdə olsaydı, elə Zelenski kimi hərəkət edərdi. Zelenskini öldürmək isə Ağ Evin həddini aşması olar. Onsuz da dünənki görüş ABŞ-nin imicinə ciddi zərbə vurdu. Qonağı çağırıb aşağıladılar. Üstəgəl başqa bir ölkənin Prezidentini açıq şəkildə ortadan qaldırmağa çalışsalar, bu daha böyük qalmaqala və biabırçılığa səbəb ola bilər".